01 may 2022 14:33
812

Qəhrəmanlar unudulmur FOTO

Lənkəran rayonu, Parakənd  kəndində dünyaya göz açmış Mikayıl Nəzərov  Birinci Qarabağ müharibəsinin qalib şəhididir. Kənd sakinləri öz qəhrəman oğlunun şərəfini həmişə uca saxlayır, onun adı ilə fəxr edirlər. Kəndəki  tam orta məktəbinin həyətində  ona həsr olunan möhtəşəm xatirə kompleksi yaradılıbdır. Bu günlər onun açılış mərasimi keçirildi.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov kompleksinin açılış lentini  şəhidin oğlu Ramid Mikayılzadə ilə birgə kəsdilər. Kompleksi ziyarətə gələnlər  onun önünə gül dəstələri  düzdülər. Vətən yolunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğlanların   xatirəsi bir dəqiqəlik sükutla  yad olunduqdan sonra  icra başçısı  Lənkəran elinin  qəhrəman oğlu Mikayılın  keçdiyi döyüş yolu və  ağır müharibə  meydanında göstərdiyi  şücaəti  barədə danışdı: - Xatirə kompleksinin açılışı şəhidimizin 60 illiyinə təsadüf edir. Şəhidlərin xatirəsini  yaşatmaq üçün  görülən işlər, irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir. Heç təsadüfi deyil ki, bu gün Parakənd tam orta məktəbi məhz məzunu olduğu şəhid Mikayılın adını daşıyır. Məktəbdə təhsil alan şagirdlər şəhidimizin həyat və döyüş yolunu öyrənərək onun kimi milli ruhda böyüyəcək. 44 günlük Vətən müharibəsində qazandığımız  şanlı zəfər  haqq mübarizəmizdə canını fəda edən, düşmənlə üz-üzə qorxmadan dayanan, daim  irəli getmək əzmində olanların çoxu məhz gənc nəslin nümayəndələridir.   Lənkəranlı gənclərin  də  Vətən müharibəsində xüsusi qəhrəmanlığı gələcək nəsillərin yetişməsində əbədi nümunə  kimi qalacaq.
Şəhidin ailə üzvləri adından çıxış edən qızı Ramilə Nəzərova ölkəmizdə şəhidlərə, qazilərə, müharibə iştirakçılarına göstərilən qayğı və diqqətdən razılığını söylədi,  ailə üzvləri adından dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
İcra aparatının rəhbər işçilərinin, şəhidin ailə üzvlərinin, qazilərinin, eləcə  də kənd ictimaiyyətinin  qatıldığı tədbirdə Parakənd  kənd məktəbinin şagirdlərinin ifasında şəhidlərə  həsr olunan şerlər səsləndi, qəhrəmanlığı,  Vətən sevgisini özündə yaşadan nəğmələr  ifa olundu.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü