Azərbaycan hər zaman İslam dünyasının tarixi və mədəni mərkəzlərindən biri olub. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan digər din və mədəniyyətlərə də qucaq açmış, əksər ölkələrdən fərqli sivilizasiya formalaşdırmışdır.
Bu gün də ölkəmizdə İslam dinin abidələri və zəngin mənəvi irsinin qorunub saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Təsadüfi deyil ki, Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İkinci Qarabağ-Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə ilk səfərləri çərçivəsində məhz Ağdam məscidini ziyarət etmələri, oraya Qurani-Kərim bağışlamaları dinimizə, tariximizə və mədəniyyətimizə olan ehtiramın bariz nümunəsi idi.
Konstitusiyada dövlətin dünyəviliyinin açıq şəkildə ifadə edilməsi Azərbaycanın ən dünyəvi müsəlman cəmiyyətlərindən biri olduğunu iddia etməyə əsaslı zəmin yaradır.
Azərbaycanın vətəndaşları öz inanc və dinlərindən olan insanlara müqəddəs bayramlarını qeyd etməyə və ənənələrini yaşatmağa imkan verir. Ölkəmizdə Müsəlmanlar tərəfindən qeyd olunan Ramazan ayı İslam təqvimində ən şəfaqətli və müqəddəs ay hesab edilir və İslamın əsas şərtlərindən biri sayılır. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayda Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim nazil olmuşdur.
Ramazan mədəni maarifləndirmə, həmrəylik, mədəniyyəti bölüşmək, səbr, mədəniyyətlərarası dialoqun təşviqi ayı sayılır. Müsəlmanlar bu müqəddəs ayın son gününü Ramazan bayramı kimi qeyd edirlər.
İnsana sonsuz iman sevgisi bəxş edən, əsrlər boyunca bəşər övladını dözümlü olmağa, mərhəmətə, yaşayıb yaratmağa sövq edən, savab, ülfət ayı olan Ramazan xalqımızın dininə, eyni zamanda öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını, dərin bağlılığını nümayiş etdirir.
“İki sahil” xəbər verir ki, bu məcrada 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar rayon şöbəsinin rəhbəri Əzim Rəfiyev, Göyçay və Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavinləri Zivər Zeynalova və Aynur Novruzovanın iştirakı ilə ərazi üzrə dini icma nümayəndələri ilə iftar süfrəsi ətrafında bir araya gələrək xoş söhbət apardı, görüşdə müqəddəs kitabımız Qurani-Kərimdən ayələr səsləndirildi.
Bir daha 89 saylı Göyçay-Ağdaş seçicilərini insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edən müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı bildiririk.