Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq bir qrup veteran Ulu Öndərin məzarını ziyarət edib, dahi rəhbərin məzarı önünə gül dəstələri qoyub.
“İki sahil” xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun moderatorluğu altında baş tutan ziyarətdə Ulu öndər Heydər Əliyevin dönəmində çalışan 20-yə qədər sabiq məmur, elm və siyasət adamı, o cümlədən 20-yə qədər gənc nəslin nümayəndəsi – orta məktəb və universitet tələbələri, 44 günlük Vətən müharibəsinin gənc qaziləri də iştirak edib. Polkovnik Cəlil Xəlilov Ümummilli liderin fəaliyyətindən, Azərbaycan dövləti və xalqı qarşısındaklı tarixi xidmətlərindən bəhs edib, Heydər Əliyev siyasi kursunun yol açdığı uğurlu inkişafdan danışıb.
Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli liderin həyat və fəaliyyəti ilə ətraflı tanış olub, ulu öndərlə bağlı xatirələrini bölüşüblər.