06 may 2022 13:56
896

YAP Lənkəran rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib FOTO

Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində YAP Lənkəran rayon təşkilatının “ Heydər Əliyev Mərkəzi” üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

“İki sahil” xəbər verir ki,  tədbiri giriş sözü ilə açan ərazi partiya təşkilatının fəalı Reyhanə Sadıxova müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, cəmiyyətdə artan nüfuzundan, milyonların partiyasına çevrilməsini şərtləndirən amillərdən bəhs edib: “Xalqın istəyi, zamanın tələbi ilə yaranan Yeni Azərbaycan Partiyası Ümummilli Liderin qeyd etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Bütün sınaqlardan şərəflə çıxan partiya tarixə adını qələbələr, zəfərlər partiyası kimi yazıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdşından sonra ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. YAP iqtidar partiyasına çevrilərək Azərbaycanın gələcəyinə hədəflənmiş strategiyanın uğurla həyata keçirilməsinə öz töhfələrini verdi. Son 18 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev rəhbərlik etdiyi Yeni Azərbycan Partiyasının daha da inkişafı, sıralarının kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirilməsi üçün mühüm addımlar atır.”

Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev  partiyanın keçdiyi şərəfli yoldan geniş bəhs edərək bildirib ki, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır: “Partiyamıza bu nüfuzu qazandıran yarandığı gündən tutduğu yola sadiqliyi, sözlə əməlin birliyidir. Ulu öndər Heydər Əliyevin ideyalarının təbliğində fəal iştirak edən Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini əhatə edən insanları öz sıralarında birləşdirməklə birliyin, həmrəyliyin nümunəsini ortaya qoyur. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirməklə cəmiyyətin avanqard qüvvəsi olduğunu bir daha təsdiqləyir. 2003-cü ildə inamın və etimadın ünvanını xalqa göstərən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev özünün sona çatdıra bilmədiyi layihələri, işləri cənab İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının həyata keçirəcəyini bildirməklə bugünkü uğurlarımızın, qələbələrimizin təməlini qoydu. Son 19 ildə Azərbaycanın müstəqillik tarixinin ən möhtəşəm səhifələri yazıldı. Tarixi Qələbəmiz bu uğurların zirvəsində dayanır.”

“VII qurultayını yeni dövrün reallıqlarına söykənərək keçirən Yeni Azərbaycan Partiyası 30 illik yubileyinə yeni qərarlarla, yeni vəzifələrlə qədəm qoydu” söyləyən YAP Lənkəran rayon təşkilatının sədri qeyd edib ki, partiya yarandığı gündən “Güclü dövlət, yüksək rifah” prinsipini əsas tutub və qəbul etdiyi qərarların, irəli sürdüyü təşəbbüslərin əsasında bu prinsip dayanır: “Hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq üçün partiyanın hər bir üzvündən fəallıq, səylərini artırmaq tələb olunur. 11 mindən artıq üzvü ərazi partiya təşkilatlarında birləşdirən YAP Lənkəran rayon təşkilatı bütün qüvvə və bacarığını qarşıda dayanan vəzifələrin icrasına yönəltmək üçün səfərbər edib. Artıq bir ildir ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir. Bütün şəhər və kəndlər müasir tələblərə uyğun qurulur. Görülən işlər Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Soydaşlarımızın tezliklə Böyük Qayıdışına nail olmaq üçün hər bir Azərbaycan vətəndaşı, Yeni Azərbaycan Partiyasının hər bir üzvü fəallıq nümayiş etdirməlidir. Adını tariximizə qalib ölkənin qalib Sərkərdəsi kimi yazan Prezident İlham Əliyev, eyni zamanda, qurucu Lider kimi tanınır. Ölkədə geniş vüsət alan islahatlar Yeni Azərbaycan Partiyasının qəbul etdiyi qərarların da əsasını təşkil edir. Dövr dəyişir, qarşıya yeni-yeni vəzifələr qoyulur. Daim monolit partiya kimi nüfuz qazanan YAP bu gün də birliyi ilə nümunədir.”

Sonra təşkilati məsələyə baxılıb.

Reyhanə Sadıxova yeni yaradılan ərazi partiya təşkilatının sədri, Vüsal Babazadə isə sədr müavini seçiliblər.

YAP lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev  yeni yaradılan ərazi partiya təşkilatının yeni tərkibinə fəaliyyətlərində uğurlar arzulayıb.