06 may 2022 14:07
1053

YAP Füzuli təşkilatı Ulu öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirib - FOTO

Mayıın 6-da Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatında müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar «Heydər Əliyev tarixi şəxsiyyət və tarixi yaradan şəxsiyyət» mövzusunda elmir- praktik konfrans keçirilib.  Qeyd edək ki, tədbir iştirakçıları öncə rayonda yerləşən  Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə qızılgül dəstələri qoyublar.

Sonra YAP Füzuli rayon təşkilatının akt zalında davam edən tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova  ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş danışıb: «Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq dövlətə, xalqa xidmətin nümunəsini görərik. Dövlətinin, xalqının gələcəyini düşünən Lider daim ölkəni irəli aparacaq. Bu reallıq daim önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla baxan xalq tarixin sərt sınaqlarından şərəflə çıxacaq və möhtəşəm uğurlara imza atacaq. Azərbaycan xalqı dünyaya bu nümunəni də göstərdi. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycana səriştəsiz, idarəçilik qabiliyyəti olmayan antimilli ünsürlərin rəhbərlik etməsi ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın baş alıb getməsinə, torpaqlarımızın işğalına, vətəndaş qarşıdurmasının yaranmasına və müstəqilliyimizi itirmək təhlükəsini yaşamağımıza səbəb oldu. Belə bir çətin durumda xalq öz xilaskarına üz tutdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün çətinliklərdən xilas oldu, yeni Azərbaycan yaradıldı, müstəqilliyimizin daimiliyi, sarsılmazlığı təmin edildi.»

Almaz Həşimova bildirib ki, Ümumilli liderin «Azərbaycan dünyaya günəş kimi doğacaq» fikri bir çağırış olmaqla yanaşı, eyni zamanda, hədəf, məqsəd idi. Bugünkü gerçəkliklərimiz, eyni zamanda, ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikrin də real həyatda təsdiqidir: «Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir.»

 Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində göstərdiyi inam və etimad ünvanı Onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının daha da genişlənməsini şərtləndirdi. Belə ki, cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Azərbaycanın bugünkü və gələcək uğurlarının təməli oldu. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur. 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanır, Onun ətrafında dəmir yumruq kimi birləşib.»

Tədbirdə çıxış edən Vaqif Vəliyev və Rəfael Zülfüqarov Ulu öndərin hakimiyyətinin birinci dövründə bugünümüz üçün qurulan möhkəm təməldən danışıblar Vurğulayıblar ki, bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir. Ölkənin hərtərəfli inkişafında iqtisadi amilə verilən önəm ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün səciyyəvi xüsusiyyətidir. Birinci hakimiyyəti dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən «Əsrin müqaviləsi»nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar açdı.

Elçin Zaman, «İki sahil»