07 may 2022 14:28
1087

Lerikdə şəhidimizin xatirəsi anılıb

Bu gün Lerik rayonunun Anbu kəndində 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış şəhid kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun xatirəsi anılıb.

“İki sahil” xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev,Milli Məclisin deputatı İqbal Məmmədov,Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları,ictimaiyyət nümayəndələri,şəhid ailələ üzvləri şəhidimizin məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, şəhid Əbülfəz Hüseynverdi oğlu Rəhmətov 3 iyul 1989-cu ildə Lerik rayonunun Ambu kəndində anadan olmuşdur. 2006-cı ildə Lerik rayonunun Kitabəli Həmidov adına Ambu kənd tam orta məktəbini müvəffəqiyyətlə bitirərək həmin ildə də Heydər Əliyev adına Ali Hərbi məktəbinə qəbul olmuşdur. 2010-cu ildə Ali Hərbi məktəbini bitirib leytenant hərbi rütbəsi almış və həmin ildən başlayaraq hərbi xidmətini davam etmişdir. Kapitan Əbülfəz Rəhmətov müxtəlif hərbi hissələrdə tağım komandiri vəzifəsindən başlamış tabor komandiri vəzifəsinə qədər yüksəlmiş və peşəkar, təcrübəli zabit kimi Azərbaycan Ordusunda xidmət etmişdir.Kapitanı olan Əbülfəz Rəhmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı və motoatıcı taborun qərargah rəisi kimi iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur . Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalıları ilə təltif edilib Allah bütün şəhidlərimizə rəhmət eləsin!