10 may 2022 14:27
1468

Yüksəkliyin Heydər Əliyev zirvəsi - FOTO

YAP İmişli rayon təşkilatında Ulu Öndərin anadan olmasının 99-cu ildönümü qeyd edilib

YAP İmişli rayon təşkilatının təşkilatçılığı, «ORİON-E» MMC-nin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar «Yüksəkliyin Heydər Əliyev zirvəsi» adlı konfrans keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə və müəssisələrinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Təbirdən öncə ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycanda çoxlu uca dağlar və zirvələr vardır. Lakin hətta ən uca zirvə belə ölkənin hər yanından görünmür. Heydər Əliyev zirvəsi isə nəinki Azərbaycanın hər güşəsindən, hətta yaxın-uzaq ölkələrdən də yaxşı görsənir. Əlbəttə, gücünü doğma torpaqdan alan dağ vüqarlı qəhrəmanlarımız, hökmdarlarımız tariximizdə az olmayıbdır, lakin Heydər Əliyev ucalığında, onun milyonların qəlbində və zehnində əbədiləşən şəxsiyyətində bir fərqlilik var. Çünki o, xalqın içərisindən çıxan, bütün ömrünü sevdiyi xalqına, onun müstəqilliyinə, dövlətçiliyinə xidmətə həsr edən, ümumxalq sevgisi və məhəbbəti ilə ucalan zirvə-şəxsiyyətdir. Dünya siyasət arenasında unudulmaz şəxsiyyətlərdən olan Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan zamanın çətin sınaqlarından şərəflə keçmişdir.Ümumiyyətlə, dünyanın böyük şəxsiyyətləri həmişə adi insanların yaşadığı həyat tərzinin fövqündə dururlar. Ulu Öndər insanların həyat yoluna işıq saçan təfəkkür və mənəviyyat sahibi idi. Hərəkətləri sadə olsa da, bunun arxasında həmişə böyük məna durardı. Ulu Öndər böyük ideyaya malik idi. Atdığı addımlar, yeritdiyi siyasət, istifadə etdiyi diplomatik üsullar onun uzaqgörənliyini, strateji təfəkkürə sahib olduğunu təsdiq edirdi. Beynəlxalq müstəvidə dünya liderləri də Heydər Əliyevi zəmanəni qabaqlayan dünya miqyaslı dövlət xadimi kimi qəbul edirdilər. Xalqımız tərəfindən Ulu öndər dahi şəxsiyyət və müdrik dövlət başçısı kimi, həm də xalqını, onun tarix və ədəbiyyatını içdən sevən vətənpərvər siyasətçi kimi hüsn-rəğbətlə dəyərləndirilir. Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan böyük xilaskarlıq, sabitlik və inkişaf missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, Azərbaycanda dövlət müstəqilliyinin banisidir.

İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxışında qeyd etdi ki, müstəqil Azərbaycanın inkişafında Ulu Öndərin siyasi xətti həmişə davam edib. Bu konsepsiya bu gün də Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1969-1982-ci ilərdə SSRİ-nin qabaqcıl respublikasına çevirilən Azərbaycan bu gün də dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biri kimi tanınır. Azərbaycan öz nicatını görkəmli siyasətci, Ümummilli Liderin hakimiyətə ikinci dəfə qayıdışında tapdı. Xalqın taleyüklü məsələlərinin uğurlu həlli, ölkədə milli həmrəliyin, sülh və demokratiyanın bərqərar olması, xarici siyasət istiqamətindəki qətiyyətli addımlar, gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi ulu öndərin adı ilə bağlıdır. Hal-hazırda bu böyük şəxsiyyətin davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımız Qafqazda lider ölkə olaraq qalır.

Tədbirdə çıxış edən “Orion-E” MMC-nin rəhbəri Şükür Astanov bildirdi ki, XX əsr Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasətçi, müdrik dövlət xadimi bəxş etdi. Ulu öndər Heydər Əliyev əsrin əvvəllərindən formalaşan demokratik ənənələrin yaşanmasında və inkişafında, milli-mədəni irsimizin qorunmasında və təbliğində əvəzsiz rol oynamış, Azərbaycanı bütün dünyaya tanıtmışdır.

Çıxış edən ARAN RETS-in sədr müavini Saleh Səmədov çıxışında böyük istedadı və uzaqgörən siyasəti sayəsində keçmiş SSRİ hökumətinin ali hakimiyyət vəzifələrinə qədər yüksəlmiş, türk dünyasının böyük oğlu Heydər Əliyevin bu imkanlardan xalqının iqtisadi və sosial tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə edə bilməsindən, Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpasında, möhkəmləndirilməsində və qorunmasında böyük xidmətlər göstərdiyindən geniş söhbət açdı.

Tədbirin sonunda «Yüksəkliyin Heydər Əliyev zirvəsi» aksiyası çərçivəsində şəhid ailələrinə bayram sovqatı paylanıldı.

Elçin Zaman, «İki sahil»