Əbədiyaşar ulu öndər Heydər Əliyevin doğum günü hər il Daşkəsən rayonunda yüksək səviyyədə, zəngin, möhtəşəm ümumrayon məhəbbəti ilə qeyd edilir.
May ayının 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Belə ki, Daşkəsən RİH-nin başçısı Əhəd Abıyevin, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyevin, partiya fəallarının, rayonunun aidiyyəti orqanlarının əməkdaşlarının iştirakı ilə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə əklil və gül dəstələri qoyulub, ümummilli liderin xatirəsi böyük ehtiramla yad edilib.
Tədbirdə Daşkəsən RİH-nin başçısı Əhəd Abıyev dahi lider haqqında geniş və dərin məzmunlu nitq söyləyib. O, müstəqil Azərbaycanın memarı, qurucusu və xilaskarının ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, ölkə daxilində vətəndaş müharibəsinin qarşısını almasından, bu gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən ürək dolusu danışıb.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev tədbirdə çıxış edərək qeyd edib ki, müstəqilliyi əldə etmək, qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir: “Lakin dahi şəxsiyyət Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda möhkəmləndirildi, inkişaf etdirildi, əbədilik qazandı. Biz bütün bunlara görə yalnız Ulu Öndərə borcluyuq.”
M.Yolçiyev çıxışında onu da qeyd etdi ki, ulu öndər Heydər Əliyev xalqımızın və dövlətimizin ən çətin anlarında bütün məsuliyyəti həmişə öz üzərinə götürüb: “Ən çətin anlarda qəti, optimal qərar qəbul etməyi və bütün çətinliklərdən qələbə ilə çıxmağı bacarıb. Türk dünyasının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti, daxili aləminin zənginliyi, onun sadəliyi, səmimiyyəti, demokratik prinsiplərə sadiqliyi, insanı dinləmək bacarığı, vətən sevgisi və ailəsinə olan məhəbbəti bizim hər birimizə örnəkdir, nümunədir. Bu gün Azərbaycan dünya siyasətində strateji əhəmiyyəti olan bir ölkədir və bu nüfuz getdikcə artır. İndi dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti Prezident İlham Əliyevin fəaliyyətində çox böyük uğurla, həm də daha səmərəli davam etdirilir.”
Cavid Əkbərov, “İki sahil”