Yasamal rayonunda "Atom" İdman Klubunun rəhbərliyi tərəfindən nəcib sosial aksiyaya start verilib.
Aksiyanın təqdimetmə mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Sosial Xidmətlər Agentliyinin rəhbəri Vüqar Behbudov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Elnur Allahveridyev, Ülvi Quliyev, İlham Məmmədov, Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak ediblər.
Qeyd olunub ki, təşəbbüsün məqsədi həssas təbəqədən olan uşaqlara bədən tərbiyə, idman növləri ilə məşğul olma fürsətini vermək, sosiallaşma, cəmiyyətdə daha rahat yaşam, mövqe tutmaq, kompleksiz həyat tərzi, sağlamlaq baxımından daimi aktiv olmaq üçün gözəl şərait yaratmaqdır. Hədəf isə təbii ki, sağlam, idmana sevgisi olan yeni nəslin yetişməsinə tövhə verməkdir.
Vurğulanıb ki, yeniyetmələri idmana həvəsləndirmək üçün tanınmış idmançılarımız, mədəniyyət xadimlərimizin tədbirə maraq göstərmələri tədqirəlayiq haldır. Yeni nəsil məhz belə təşəbbüs və dəstək aksiyaları vasitəsilə tərbiyə olunmalı, onlara vətənpərvərlik ruhu ən kiçik yaşlarından aşılanmalıdır.
Orxan Vahidoğlu, “İki sahil”