Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti bu gün Prezident İlham Əliyevin diqqəti nəticəsində uğurla davam etdirilir, ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır.
Xüsusi diqqət ayrılan idman sahələrindən biri də futboldur. Futbolçularımızın peşəkarlığının artırılmasına göstərilən davamlı qayğı, futbolun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni stadion və idman bazalarının yaradılması ölkədə bu sahənin inkişafına böyük təkan vermişdir.
“İki sahil” xəbər verir ki, bu mənada Milli Məclisin deputatı Məzahir Əfəndiyevin təşəbbüsü ilə futbolun kütləviliyinin inkişafını, habelə gənclərin idmana olan həvəsini daha da artırmaq məqsədi ilə Ağdaş rayonunun kəndləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan futbol turniri keçirilib.
Qeyd edək ki, turnirdə Ağdaş rayon Ərəb, Qulbəndə, Cardam, Birinci Aral, Şordəhnə, Şəmsabad, Nehrəxəlil, Kükəl, Xosrov, Qarağan Şıxlar, Güvəkənd, Yuxarı Qəsil, Tofiqi kənd və Ləki Qəsəbə komandaları iştirak ediblər.
Cardam və Tofiqi kənd komandaları arasında keçirilən final oyunu Cardam kənd komandasının penal mərhələsində minimal hesablı qələbəsi ilə başa çatmışdır.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin, Azərbaycan Respublikası Gənclər və idman nazirliyinin sektor müdiri Fikrət Hüseynovun, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yanında Uşaq Futbol Federasiyasının baş katibi Asim Xudiyevin və Veteran futbolçu Fərrux İsmayılovun iştirakı ilə turnirin yekun tədbiri keçirildi.
Çıxış zamanı deputat bu gün gənclər arasında sağlam həyat tərzinin təbliği, onların idmana olan həvəsinin daha da artırılmasının dövlət gənclər siyasətinin prioritet istiqamətlərini təşkil etdiyini vurğulayaraq ölkə rəhbərliyi tərəfindən bu sahədə görülən böyük işlərdən bəhs edib.
Eyni zamanda müstəqillik dövründə yetişmiş müasir Azərbaycan gəncliyinin Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi altında 30 il işğal altında qalan torpaqlarının geri alınmasnda öz canlarını fəda edərək qanları bahasına nümayiş etdirdikləri qəhrəmanlıqlar xüsusi qeyd olunub.
Digər çıxış edənlər də ölkə rəhbərinin idmana, xüsusilə regionlarda bədən tərbiyə və idmanın inkişafına göstərilən diqqət və qayğıdan söhbət açaraq bu günə qədər həyata keçirilən vacib layihələrdən söhbət açıblar.
Daha sonra turnirdə iştirak edən bütün gənclərə millət vəkili tərəfindən imzalanmış sertifikatlar təqdim edildi, həmçinin ilk üç yerin qalibi olmuş komandalar xüsusi hədiyyələr, sertifikat, medal və kubokla təltif olunublar.
Sonda turnir iştirakçıları göstərilən diqqət və təşəbbüsə görə Məzahir Əfəndiyevə, eyni zamanda Azərbaycan Respublikası Gənclər və idman nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliklərinə öz minnətdarlıqlarını bildiriblər.