Mayın 13-də Bakı şəhərinin Xətai rayonundakı Tahir Bağırov adına 59 saylı tam orta məktəbin həyətində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Qalib Azərbaycan” adlı tədbir keçirildi.
Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının nümayəndələrinin, şəhid ailələri üzvlərinin, qazilərin, məktəbin pedaqoji kollektivinin, şagirdlərin və valideynlərin qatıldıqları tədbirin iştirakçıları əvvəlcə məktəbin şagirdlərinin əl işlərindən və dadlı təamlardan ibarət sərgiyə baxdılar.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tahir Bağırov adına 59 saylı tam orta məktəbin direktoru Pikə Əhmədova tədbiri giriş sözü ilə açaraq bildirdi ki, biz bu gün buraya ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün təntənəli şəkildə qeyd edilməsi üçün yığışmışıq: “Mayın 10-da xalqımız müdrik siyasi xadim, böyük sərkərdə, unudulmaz rəhbərimiz, hər zaman qəlbimizdə yaşayan ümummilli lider Heydər Əliyevin doğum gününü əsl ümumxalq bayramı kimi qeyd etdi. Bu gün elimiz-obamız sevincli, fərəhlidir. Çünki Prezident, Ali Baş Komandan İlham Əliyev dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasəti layiqincə davam etdirir. Dövlət başçımız Azərbaycanı bütün dünyada tanıdıb. Bu gün biz həm də fərəhli hisslər yaşayırıq. Çünki dahi şəxsiyyət Heydər Əliyevin arzuları həyata keçib. Bu gün Qarabağlı, Şərqi Zəngəzurlu azad Azərbaycanın müstəqilliyi əbədidir, hər zaman bayrağımız ölkəmizin bütün bölgələrində, o cümlədən Qarabağımızda və Şərqi Zəngəzurumuzda dalğalanır. Hər zaman deyəcəyik: Ulu Öndər, ruhun şad olsun. Bu gün Azərbaycan qalib ölkədir. ”
Çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, bugünkü tədbirin özəlliyi ondadır ki, hər birimizin sevimlisi, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndərin 99-cu ildönümünə həsr olunub: “Eyni zamanda, tədbirdə çox dəyərli ziyalılar iştirak edir. Ulu Öndərimizin adına layiq olan bu tədbirin təşkilatçılarına təşəkkür edirəm. Dahi şəxsiyyət deyirdi ki, təhsil millətin gələcəyidir. Bu tədbirdə yeniliklə də rastlaşdıq. Məktəblilər, onların valideynləri bütün siniflər üzrə öz əl işlərini, qabiliyyətlərini, bacarıqlarını nümayiş etdirdilər. Bu isə o deməkdir ki, Ulu Öndərlə bağlı hər bir tədbir yaradıcılıqla, böyük ruh yüksəkliyi ilə qeyd olunur. Ümummilli Liderin təhsillə bağlı strategiyasını, bu sahəyə böyük töhfələrini Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirirlər. Dövlətin təhsilə göstərdiyi diqqət və qayğı xalqımız tərəfindən çox yüksək dəyərləndirilir.”
Sonra tədbirdə məktəblilər tərəfindən rəqs kompozisiyası nümayiş etdirildi. Səhnəyə Azərbaycan bayrağı gətirildi. Şagirdlər dövlət bayrağımıza, Vətənə həsr olunmuş şeirlər, həmçinin musiqilər səsləndirdilər.
Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov tədbirdə əməyi keçən hər kəsə təşəkkür etdi: “Əlbəttə ki, bu, çox gözəl təşəbbüsdür. Burada hər kəs canıyananlıqla çalışıb, əlindən gələni ortaya qoyub. Buradan yığılan vəsait YAŞAT Fonduna köçürüləcək. Bu, çox yaxşı bir təşəbbüsdür. Hər birimiz belə təşəbbüslərə dəstək verməliyik. Bizi yaşadan şəhidlərimizin ailələrinə, qazilərimizə daim qayğı göstərməliyik.”
Tədbirdə “Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi” İctimai Birliyinin sədri Tahir Məmmədov, bədii qiraətçi Azad Şükürov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Tomarlı, həmçinin şəhid ailələrinin üzvləri və qazilər çıxış edərək Ulu Öndərin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında əvəzsiz rolundan, xilaskarlıq missiyasından, tarixi xidmətlərindən söhbət açdılar. Natiqlər, həmçinin ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan ətraflı danışdılar.
Tədbirdə Tahir Bağırov adına 59 saylı tam orta məktəbin şəhid məzunlarının ailə üzvlərinə “Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi” İctimai Birliyinin Fəxri fərmanları təqdim edildi.
Həmçinin Tahir Bağırov adına 59 saylı tam orta məktəbin direktoru Bikə Əhmədovaya “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin Fəxri fərmanı təqdim edildi.
Cavid Əkbərov, “İki sahil”