14 may 2022 17:03
1004

Şəhid Vüqar Sadıqovun xatirəsi anılıb

Bu gün 2020-ci ildə Tovuz döyüşləri zamanı şəhid olmuş ağstafalı Sadıqov Vüqar Lətif oğlunun doğum günü münasibətilə Göycəli kəndində məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şöbənin əməkdaşı Vüqar Həsənov, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Ərazi Partiya Təşkilatının fəalları, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin Vətən müharibəsi şəhidi Mehtizadə Qurban Aydın oğlunun da məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları şəhid Vüqar Sadıqovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!