Bakıdakı “Location” gecə klubunda baş vermiş partlayışda ağır xəsarət alan tanınmış bloqer Aysel Şükürova məkan sahiblərindən şikayətçidir.
“İki sahil” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşım edib.
Aysel xəstəxana xərclərinin qarşılanmadığını deyib: “Uzun müddətdir bu barədə açıqlama vermək istəyirdim. Bədənimin müxtəlif yerləri partlayışda yanıb, əsas da ayaqlarım. Uzun müddətdir ki, müalicə alıram. Amma klub rəhbəri Elşən mənə dəymiş ziyanı qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi verirlər. Təkcə mənim yox, nə qədər şikayətçi var onlardan... Heç kimin pulunu vermirlər. Yalandan mənə dedilər 15 gün möhlət verin, artıq 1 ay keçib. Lazımi yerlərə şikayət vermişəm. İnşallah, layiqi cəzalarını taparlar. Axırda mənə açıq şəkildə bəyan etdilər ki, get hara istəyirsən şikayət elə. Mənə dəymiş ziyanı qarşılamaq istəmirlər”.
Xatırladaq ki, “Location”da baş verən partlayış nəticəsində 4 nəfər həlak olub. Hadisəyə görə isə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib.