Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə “İki sahil”ə teatrın mətbuat xidmətindən məlumat verilib.
Sənədə əsasən, ikin ölkənin nəinki kukla, ümumən teatrları müxtəlif istiqamətlərdə davamlı əməkdaşlıq edəcək və müştərək layihələrə qatılacaqlar. Bu mənada tamaşaların hazırlanması, təcrübə mübadiləsinin tətbiqi, ustad dərslərinin təşkili, eləcə də spesifik istiqamətlərdə kurs və qısamüddətli təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Memorandumun əsas məqsədi tərəflərin qarşılıqlı əməkdaşlığı yolu ilə müxtəlif yaş qrupları üzrə kukla ifaçılıq sənətini daha da təkmilləşdirmək və dünya miqyasında sistemli təbliğinə nail olmaqdır. Belə olduqda əməkdaşlıq edən teatrların həm bədii-yaradıcılıq potensialı inkişaf edəcək, həm də sağlam rəqabət mühiti formalaşacaq.
Hər iki ölkənin teatr təmsilçiləri üçün əlverişli olacaq razılaşmaya əsasən birlik azərbaycanlı kuklaçıların Gürcüstanda müxtəlif yaradıcılıq layihələrinə dəstək verəcək, həmçinin hər iki ölkənin teatrları arasında əlaqələndirici missiyasını yerinə yetirəcək.
Qarşılıqlı qastrol səfərləri, dəyirmi masalar, müştərək tamaşalar və bu kimi digər yaradıcı təşəbbüslərə yol açacaq razılaşmada teatrların repertuar siyasəti və təbliğatı məsələləri ilə bağlı da müddəalar yer alır.
Xatırladaq ki, Gürcüstan Mədəniyyət Nazirliyinin eyni profilli teatrların mərkəzləşmiş idarəetməsi və yaradıcılıq baxımdan tərəqqisi məqsədi ilə təsis etdiyi bu birlik öz ətrafına ölkənin ən tanınmış teatr mütəxəssislərini cəlb etməklə bir çox maraqlı layihələrə imza atıb.
Qeyd edək ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri 1-5 iyun tarixlərində Gürcüstanda səfərdə olublar.