22 iyun 2022 13:19
800

Əbədi ömür sahibləri FOTO

Birinci və İkinci  Qarabağ müharibələrində  Vətənin dadına çatan, torpaqlarının  bütövlüyü uğrunda mübarizəyə  qoşulub şəhidlik zirvəsinə ucalmış Lerik rayonundakı livədirgəli  gənclər də vardır. Kənd camaatı öz igid oğlanlarını bir an belə unutmur.  Buranın ən füsunkar, gözəgəlimlı guşəsində şəhidlərin adlarını əbədi yaşatmaq məqsədilə  bulaq kompleksi  inşa edilibdir. Onun açılışı  respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılmaqla oldu.

Mərasimə qatılan  Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov və şəhid valideynləri tərəfindən bulaq kompleksinin üzərindən örtük götürüldü, önünə gül-çiçək dəstələri qoyuldu.   Şəhid ailələrini və kənd sakinlərini salamlayan C. Baxşıyev dedi:-  Vətən müharibəsində  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqları 44 günə azad etdi.  Bu möhtəşəm Zəfər  şəhidlərin qanı, canı bahasına qazanıldı.  İndi ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsi həmişə ehtiramla yad olunur,  qərinələr boyunca da belə olacaq. Həm Birinci Qarabağ, həm də Vətən müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət göstəriblər. Erməni tapdağından qurtaran  torpaqlarda cənab Prezidentin nəzarəti ilə aparılan abadlıq-quruculuq işləri hazırda  ürək  sevindirir.   Bulaq kompleksinin  tikintisində  zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm.
 Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədov  isə öz çıxışında bulaq kompleksinin tikintisində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi, Vətən müharibəsində xalqımızın sarsılmaz birliyi ilə Müzəffər Azərbaycan Ordusunun rəşadəti hesabına qazanılan möhtəşəm qələbədən danışdı,  hərbi əməliyyatlarda Lerik rayonundan olan qəhrəman oğulların   göstərdiyi  misilsiz rəşadətindən  qürur duyduğunu dedi və onların həyat yolunu, qəhrəmanlıq nümunələrini öyrənmək və təbliğ etmək hamımızın borcu olduğunu vurğuladı.
Açılış mərasimində şəhid atası Xeyrulla Şirvanov, şəhid babası Əziz Əkbərov, Vətən müharibəsi iştirakçısı Elmar Alışanov söz alıb  şəhid ailələrinə, eləcə müharibə veteranlara  ölkədə olan  diqqət və qayğıya görə  razılığını bildirdilər. 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü