Masallıda futbol həvəskarlarının maraqla izlədiyi, Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı altında kişilər arasında mini-futbol üzrə açıq rayon birinciliyinə yekun vuruldu. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində rayonun Təzə Alvadı kənd stadionunda baş tutan yarışda 14 komanda iştirak edirdi. Həm də Masallı rayonu kənd futbol komandaları ilə yanaşı, Cəlilabad rayon kənd futbol komandaları da bu gərgin mübarizdə öz qüvvələrini sınadılar.
Birinciliyinin final mərhələsində yaşıl meydançada Çaxırlı kənd futbol komandası Binə Xocavar kənd futbol komandası ilə üz-üzə gəldilər. 4-1 hesabı ilə Binə Xocavar kənd futbol komandası üstünlük qazandı. Beləliklə, yarışin birinci pilləsinə Binə Xocavar kənd futbol komandası çıxdı, ikincisi Çaxırlı kənd futbolçuları oldular.
Cəlilabad rayonunun Həziabad kənd futbol komandası ilə Pirvolnı kənd futbol komandası isə müvafiq olaraq üçüncü yeri qazandılar. Qalib gəlmiş komanda Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və kubokla təltif edildi. Digər nominasiyalar üzrə də oyunçular mükafatlandırıldı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü