30 iyun 2022 16:41
816

Ramil Həsən Ucarda seçiciləri qəbul edib - FOTO

Milli Məclisin deputatı Ramil Həsən iyunun 30-da Ucar rayonuna seçicilərlə görüşüb.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin deputatı Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva ilə birlikdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər düzüb. Eyni zamanda Ucar rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları ziyarət edilib və Qarabağ Zəfərimizin qazanılmasında misilsiz xidmətləri olan şəhidlərimiz üçün dualar oxunub.

Daha sonra Ramil Həsənin Ucar rayon Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti görüşü baş tutub. Görüşdə iştirak edən Ucar rayon seçicilərinin hər birinin arzu və istəkləri, o cümlədən qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara çatdırılması müzakirə olunub.

Görüşdə həllini tapmış məsələlərlə bağlı seçicilərin bir qismi Milli Məclisin deputatı Ramil Həsənə dərin təşəkkürlərini ifadə ediblər.

Qaldırılan məsələlərdən ən çox şikayətlər əlilliklə bağlı imtina verilən pensiyaların bərpası, işsizlik, sosial problemlərin həlli, hüquqi yardım, müalicə, işə bərpa, su-kanalizasiya problemləri, o cümlədən asfalt yolların çəkilməsi ilə bağlı məsələlər olub.

Vətəndaşlar Milli Məclisin deputatı tərəfindən dinlənilib, lazımı tapşırıqlar verilib və qısa müddətdə əhalinin bu qəbildən olan tələb və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilib.