02 iyul 2022 15:08
1232

Kürdəmirdə şəhidlərin doğum günlərində xatirələri anılıb

02  iyul   2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası  Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud  Mahmudov, Şəhid anası Simuzər Bağıyeva, Qacar Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin  direktoru Akif  İbrahimov,YAP rayon təşkilatının əməkdaşları, kənd sakinləri, şəhidlərin valideynləri Vətən  müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına Şəhid olmuş Eminov Nurlan Pərviz oğlunun və Eyyubov Tural Yadulla oğlunun doğum günləri ilə əlaqədar şəhidlərin rayonunun  Ərəbqubalı kəndində və  Mollakənd kəndində yerləşən  məzarlarını ziyarət edərək, qəbrləri  üzərinə gül dəstələri düzüb və  xatirələrini böyük  ehtiramla yad ediblər.

“İki sahil” xəbər verir ki, daha sonra tədbir iştirakçıları  şəhidlərin evlərinə gedərək, ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanaraq maddi və mənəvi dəstək göstəriblər.

YAP Kürdəmir rayon təşkilatının sədri  Ayaz Cəbrayılov bildirib ki, şəhidlərimizin ruhu bizim üçün çox əzizdir: “Parlaq qələbəni, şanlı zəfəri bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun  gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq zəfərimizin qazanılması ilə nəticələndi”.        

Tədbirdə çıxış edənlər Şəhid Eminov Nurlan Pərviz oğlunun və Şəhid Eyyubov Tural Yadulla oğlunun  keçdikləri  şərəfli həyat yollarından və döyüşlərdə göstərdikləri igidliklərindən  söhbət açıblar.  Şəhidlərimizin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını  şərəflə yerinə yetridikləri,  şəxsi igidlik və şücaət nümayiş etdirdikləri  üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq  Sərəncamları  ilə  Şəhid  Nurlan Eminov “Vətən uğurunda”, “İgidliyə görə” və  “Kəlbəcərin azad olunmasına görə” medalları ilə, Şəhid  Tural  Eyyubov isə "Vətən uğrunda"  ,  "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif ediliblər.