03 iyul 2022 17:33
849

Cənnət Teymurov: Həyat yaşamağı sevir

Cənnət Teymurov. Bu ad Masallı rayonunda hamı tərəfində böyük hörmətlə çəkilir. Elin ləyaqətli ağsaqqalı Cənnət kişi ömrünün 100 ilini yola salır. Vətəninə, xalqına  olan halal sevgisi onu yaşından çox cavan saxlayıbdır. Ömrü üzün, ürəyi cavan Cənnət kişi Masallının Viləş kəndində yaşayır. O, Böyük Vətən müharibəsində  fasızımın kökünü kəsməkdə  əsl qəhrəmanlıq göstəribdir.

 Doğma kəndində, el ağsaqqalın yaşadığı həyətdə  anadan olmasının 100 illiyi münasibətilə   görüş keçirildi. Tədbiri açan Masallı rayon Veteranlar Təşkilatının sədri Məmmədağa Şiriyev bildirdi ki,  1922-ci ildə dünyaya gələn Cənnət kişi rayonumuzda ömür sürən yeganə Böyük Vətən müharibəsi iştirakçısıdır. Yurdunun tərəqqisinə çalışan, hər zaman öz xalqının xoşbəxtliyini düşünən Cənnət kişi bütün Masalı camaatının fəxridir.

 Natiq çıxışının sonunda  müəllifi olduğu «Masallıdan Qələbəyədək» monumental kitabının siqnal nüsxəsini 100 yaşlı veterana bağışladı.

Söz Masallı RİH başçısının müavini Aybəniz Qafarova veriləndə o, öncə gül buketini yubilyara təqdim etdi,  icra başçısının salamlarını 100 yaşlı veterana və tədbir iştirakçılarına çatdırdı, eləcə  ona rayon rəhbəri tərəfindən maddi yardım ayrıldığını bildirdi. Daha sonra el ağsaqqalın  həyat və döyüş yolu haqqında danışdı: - Böyük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan  Azərbaycan oğullardan  biri də Cənnət  Teymurov olubdur.  Bir çox həmyerlilərimiz kimi,  o, da cəsur döyüşçü kimi vuruşmuş, hünər göstərmiş, sinəsini müxtəlif illərdə aldığı orden və medallar bəzəyir. Müharibədən sonrakı illərdə də nurlu əməlləri hesabına  yalnız xalqına xeyir vermişdir. İndinin özündə həmişə onun ağıllı nəsihətləri insanların əlindən tutur. 

«Masallı ziyalıları» İctimai Birliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, kəndin sakini, qəhrəman şəhidlər Anası Ziba Əsgərova, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva, Viləş kənd ATS-nin müdiri Qurbanəli Məmmədov, təqaüddə olan veteran müəllim Əlisa Qədiyev, Viləş ərazi dairəsi üzrə nümayəndə Alim Ələmov, veteranın yaxınları və başqaları  Cənnət Teymurov haqqında xatirələrini dilə gətirdilər, həm də bildirdilər ki, ağsaqqal  öz tövsiyələrini bizdən əsirgəmir, bütün işlər onun məsləhətləri ilə görürük.

Viləş kənd tam orta məktəbinin şagirdlərin veteranın şəninə  söylədikləri şerlər  tədbirə özgə bir ovqat gətirdi.

  Yüz illiyi qeyd edilən yubilyarın  öz çıxışı daha maraqla dinləndi. O, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsindəki xatirələrdən söhbət açdı, İkinci Qarabağ müharibəsinə qazandığımız qələbəyə ürəkdən sevindiyini dedi və çıxışını aşağıdakı fikirlərlə tamamladı: ”Bu gün mənim öz həyətimdə 100 illiyimi təbrik edirlər. Mən sizə bu diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.

Yaşamaq həmişə gözəldir, həyat yaşamağı sevir. Həyatda gərək elə yaşayasan, elə iz buraxasan  ki, yüzə gəlib çata biləsən. 

Qoy bütün insanlar şərəflə yaşasınlar, yaratsınlar. Qəhrəman, Müzəffər Azərbaycanın gələcəyi üçün əlindən gələni eləsinlər»

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü