08 iyul 2022 23:00
890

Şəhid Rəvan Qəfərovun doğum günündə xatirəsi anılıb - FOTO

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Qəfərov Rəvan Elxan oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şöbənin əməkdaşı Vüqar Həsənov, şəhidimizin ailə üzvləri, Ərazi Partiya Təşkilatının üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüblər və ruhuna dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidi Həsənov Fariz Şahin oğlunun da məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları şəhid Rəvan Qəfərovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, Rəvan Qəfərov 2020-ci il oktyabr ayının 29-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.