14 iyul 2022 22:15
951

Ağstafada şəhidlərin ildönümlərində xatirələri anılıb - FOTO

Tovuz döyüşləri zamanı şəhid olmuş Mustafazadə Elçin Arif oğlunun və Babayev Yaşar Vasif oğlunun ildönümlərində əziz xatirələri yad olunub.

“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şöbənin əməkdaşı Vüqar Həsənov, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin məzarlarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları şəhid Elçin Mustafazadənin və Yaşar Babayevin ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidlərimizin keçdikləri şərəfli həyat və döyüş yollarından geniş bəhs edilib.

Şəhidlərimizin ailələri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Elçin Mustafazadə 2020-ci il iyul ayının 14-də Tovuz istiqamətində baş verən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Prezident İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mustafazadə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Yaşar Babayev də 2020-ci il iyul ayının 14-də Tovuz istiqamətində baş verən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yaşar Babayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.