16 iyul 2022 15:35
727

Əbədiləşən qəhrəman ömrü

30 il işğal altında qalan əzəli yurd yerimiz Qarabağın azadlığı ilə nəticələnən 44 günlük  Vətən müharibəsi şanlı tariximizin unudulmaz səhifəsinə çevrildi. Bu tarixi öz qanı bahasına yazan qəhrəmanlardan biri də Mirməhəmmədəli Tərlan oğlu  Rzazadədir. Qalib şəhidin  doğum günündə adını daşıyan küçədə xatirə lövhəsinin açılış mərasimi keçirildi. Dövlət  Himini oxundu, Vətən yolunda can qoyan, müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəman övladların əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Daha sonra  ata ocağında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış  etdi:- Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqların azad olması, ölkə vətəndaşların suveren  hüquqların bərpası, eləcə sərhədlərə  tam nəzarət edə bildiyimiz üçün şəhidlərə borcluyuq. Mirməhəmməd  Rzazadə  də həmin  şəhidlərin  cərgəsində durur.  Onun müharibə meydanda göstərdiyi rəşadəti ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülüb.    Bir ailənin övladı kimi Vətənin müdafiəsinə qalxan Mirməhəmmədəli kimi qəhrəman övladlarımız bütün xalqın övladı, əzizi kimi daim qəlblərdə yaşayacaqlar. Biz  Vətən şəhidlərin xatirəsinin yad olunması və adının əbədi qalması istiqamətində atılan bütün addımları təqdirəlayiq hesab edirik.  Həm də  belə təşəbbüslərin gənc nəslin vətənpərvər ruhda böyüməsi istiqamətində mühüm əhəmiyyəti vardır.

Şəhidimizin anası Gülbəniz Məmmədova   çıxışında bildirdi ki,  oğlum  Mirməhəmmədəli  Vətəni, xalqını candan əziz tutdu. O, uşaqlıqdan vətənpərvər  böyümüşdü. Onun kimi qəhrəman övladlarımız ən ali amal uğrunda canından   keçməklə əbədiyaşarlıq zirvəsinə yüksəliblər,  bütün şəhidlərlə qürur duyuram, oğul itkisinin ağır olmasına baxmayaraq övladımın Vətən uğrunda şəhid olması mənə  təsəllidir.  Bəli, Vətən bölünməz,  şəhidlər ölməz. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısını daim hiss edirik, onlara həmişə minnətdarıq.

Tədbirdə məktəblilərin ifasında  səslənən qəhrəman şəhidlərə həsr olunan şerlər də yüksək səviyyədə qarşılandı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü