Ağstafa rayonunda Tovuz döyüşləri şəhidi İsmayılov Nazim Əfqan oğlunun ildönümündə əziz xatirəsi yad olunub.
“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şöbənin əməkdaşı Vüqar Həsənov, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin direktoru Nicat Vəkilov və müəssisənin könüllüləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa üzrə nümayəndəliyinin əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, şəhidimizin ailə üzvləri, şəhid ailələri, Ərazi Partiya Təşkilatının fəalları və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Kazımov Ruslan Mustafa oğlunun, Mədədov Asif Nəsir oğlunun, Piriyev Elşən Səfalət oğlunun da məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.
Daha sonra tədbir iştirakçıları şəhid Nazim ismayılovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Nazim İsmayılov 2020-ci il iyul ayının 16-da Tovuz istiqamətində baş verən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazim İsmayılov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.