17 iyul 2022 16:47
1050

“Şuşa ili” münasibətilə rəsm müsabiqəsi baş çatdı

Astara Rayon Dövlət Rəsm Qalereyasında  rayon Gənclər və İdman İdarəsi, rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı  sayəsində  keçirilən  “Şuşa ili” münasibətilə  yeniyetmə və gənclər arasında rəsm üzrə  rayon müsabiqəsi baş çatdı. Müsabiqədə əsas məqsəd  Azərbaycanın qədim şəhəri Şuşanın vəsfindən , ölkəmizin mədəniyyət və musiqi mərkəzinin işğaldan azad etməsində  Vətən övladlarının qəhrəmanlığını tərənnümündən , yeniyetmə və gənc istedadlı rəssamların üzə çıxarılması və asudə vaxtlarının səmərəli təşkilindən ibarət idi.

 Müsabiqənin qiymətləndirmə və mükafatlandırma mərasimində   rayon Gənclər və idman İdarəsinin rəisi vəzifəsini icra edən R. Şirinov,   Dövlət Rəsm Qalereyasının direktoru N. Mustafayeva və elmi işçisi M. Tahirova , Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Astara rayon komitəsinin sədri H. Ramazanov,  rayon Gənclər və İdman İdarəsinin rəis müavini İ. Cəfərov

 gəncləri təbrik edib və onlara yeni nailiyyətlər arzulamaqla bərabər onu da bildirdilər ki,  

istedadlı gənclərin üzə çıxarılması sahəsində aparılan işlər və həyata keçirilən tədbirlər nəticəsində onların bacarıqları yüksəldilir, rəsm sənətinə maraqları artır, təxəyyül qabiliyyətləri  genişlənir, vaxtları səmərəli keçir.  Bu il Astara Rayon Dövlət Rəsm Qalereyasının dərnəklərində məşğul olan 4 nəfər gənc- Gülsüm  Nəcəfova,  Səidə Nəbiyeva, Ülkər Mikayılova, Fidan Məmmədova  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşlar.

Müsabiqəyə rayonun ümumtəhsil məktəblərini və Astara Dövlət Rəsm Qalereyasını təmsil edən 41 nəfər istedadlı gənc rəssam qatılmışdı.  Münsiflər heyəti tərəfindən onların çəkdiyi əsərlərə  qiymət verildi. Səncərədi kənd tam orta məktəbinin X sinif şagirdi Filiz Həbibzadə  müsabiqənin  birincisi oldu.  Gənc rəssam  Əmir Əliyev  ikinci yeri tutdu, III yerə  isə  Şüvi kənd tam orta məktəbinin onuncusu   Aysun  Əliyeva   layiq görüldü.

Fərqləndirici yerlərə Astara şəhər 6 saylı tam orta məktəbin şagirdi Xədicə İsayeva,  gənc rəssam  Fatimə Elçin qızı,  Ərçivan qəsəbə 2 saylı tam orta məktəbinin VII sinif şagirdi Əlirza Axundzadə sahib çıxdılar.

Fəxri yerləri qazanan və fərqlənən gənclərə Rayon Gənclər və İdman İdarəsinin diplomları,  hədiyyələri verildi .

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü