Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmiş, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir. Ötən 19 ilin mənzərəsinə nəzər saldıqda görürük ki, respublikamız sürətlə inkişaf etmiş, parlaq nailiyyətlər qazanmış, bütün sahələrdə tərəqqi baş vermişdir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Qəbul edilən Dövlət Proqramlarının uğurlu icrası nəticəsində elə bir sahə olmayıb ki, orada islahatlar aparılmasın və inkişaf olmasın. Beləliklə, 3 Dövlət proqramının icra olunduğu 2004-2018-ci illərin sosial-iqtisadi göstəricilərinə diqqət yetirsək, ümumi daxili məhsulun 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə artımın 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə olduğunu müşahidə edə bilərik. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Qısaca demək olar ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Dövlət proqramlarının icrası paytaxt Bakı ilə yanaşı regionların da mənzərəsini xeyli dəyişdirmişdir. Regionlarda infrastruktur layihələrin icrası nəticəsində qazlaşdırma, elektrik enerjisi ilə təchizat və digər məsələlərlə yanaşı sosial layihələr də icra olunmuş, bunun da nəticəsində rayonlarda müasir tipli səhiyyə, mədəniyyət və təhsil müəssisələri tikilib istifadəyə verilmişdir. Bütün bu nailiyyətlərlə yanaşı, gözdən qaçırmaq olmaz ki, görülən işlər, həyata keçirilən islahatlar yaxşı rəhbər kadrlarla dəstəklənmədikdə onların səmərəli nəticəsindən danışmaq qeyri-mümkün olur. Məhz bu səbəbdəndir ki, ölkə başçımız cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl rayonlarına yeni təyin olunan RİH başçılarını qəbul edərkən kadr islahatlarından danışmış, onların hər birinə ciddi tövsiyyələr verərək vəzifə səlahiyyətlərini icra edərkən korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə, sosial ədalət prinsipinə bağlılıq, şəhid ailələrinə, müharibə iştirakçılarına diqqət, insanlarla sıx təmas, ekologiyaya qayğı, fəaliyyəti dövründə şəffaflığın artırılması prinsiplərini rəhbər tutmağı tapşırmışdır. Ölkə başçımız eyni zamanda, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərin aqibətini də xatırlatmışdır.
Cənab İlham Əliyevin sözügedən çıxışında qeyd etdiyi məsələlər sırasında şəhid ailələrinə, müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən diqqət və bunun yerlərdə davam etdirilməli olduğu məsələsi də var idi. Təkcə şəhid ailələri və qazilərə deyil, Vətən müharibəsində iştirak etmiş hər bir hərbçinin ailəsinə dövlət həssaslıqla yanaşır. Bu yanaşma digər dövlət orqanları tərəfindən də davam etdirilməli, 30 illik həsrətdən sonra Azərbaycan xalqına qələbə hissini yaşadan igidlərə və onların ailələrini lazımi diqqət və qayğı qeyd-şərtsiz göstərilməlidir. Qeyd edək ki, bunun ən yüksək səviyyədə təmin olunması üçün Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmış və şöbə qarşısında müvafiq tapşırıqlar qoyulmuşdur. Bu addım ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımlardan biridir.
Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni təyin olunan başçılarının qəbulu zamanı Prezident İlham Əliyev adı çəkilən rayonların turizm potensialının yüksək olduğunu vurğulayaraq bu prosesin daha geniş vüsət almalı olduğunu bildirdi. Bu istiqamətdə atılan addımlar, o cümlədən Lerik rayonuna müasir yolun çəkilməsi, Göygölün vətəndaşlarımızın gediş-gəlişinə açılması ölkə başçımız tərəfindən vurğulandı. Masallı rayonunun da böyük turizm potensialının olduğu qeyd edildi. Göygölün turizm potensialının gələcəkdə Laçın və Kəlbəcər rayonlarının sürətli inkişafına töhfə verəcəyi bildirildi. Beləliklə, hər bir icra başçısı bu məsələyə diqqət göstərməli, rayonların inkişafında turizmin rolunun artırılmasına əhəmiyyət verməlidir. Turizm sahəsi olduqca gəlirli bir sahə olmaqla yanaşı ölkəmizin dünyada tanınmasında və yerli camaatın işlə təmin olunmasında da mühüm rol oynamaqdadır. Rayon rəhbərləri bu sahədə təşəbbüskar olmalı və sahibkarları cəlb etmək üçün çalışmalıdır.
Onu da qeyd etmək istərdim ki, demokratik dövlət quruculuğu prosesində ölkəmizdə hər bir dövlət strukturunun gördüyü işlər barədə ictimaiyyət qarşısında hesabatların açıq olması tendensiyası həyata keçirilir. Bu tendensiya qanunsuz əməllərin ifşası üçün şərait yaradılması ilə yanaşı rayonlarda işlərin yaxşı getməsi üçün ictimai nəzarətin olmasının, ictimaiyyətin fəallığının artırılmasının, yerlərdə mövcud olan problemlərə ictimaiyyət tərəfindən dövlət orqanlarının diqqətinin cəlb edilməsinin dövlət siyasətinin əsasını təşkil etməklə yanaşı effektiv nəticələr verəcəkdir. İdarəetmədə çox ciddi islahatlar ilə yanaşı çox böyük təmizləmə işlərinin aparılması baş verən qanunsuz torpaq zəbt edilmələri, ekologiyaya ziyan vurulması, sahibkarlığın inkişafına maneələr törədilməsi faktlarının aradan qaldırılmasına xidmət edir. Çıxışında qanunsuz əməllərinə, vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə bir neçə Rayon İcra Hakimiyyəti başçısının cəzalandırılaraq məsuliyyətə cəlb olunduğunu xatırladan Prezident İlham Əliyev dövlətin yürütdüyü siyasətə xələl gətirən əməllərin əvvəlki dövrlərdə olduğu kimi bundan sonra da ifşa olunaraq qanun qarşısında cavab verəcəklərini yeni təyin olunan rayon icra başçılarının diqqətinə çatdırdı. Qısa zaman ərzində 30 illik münaqişəyə son qoyaraq iqtisadi inkişaf üçün daha geniş perspektivlər əldə edən Azərbaycan bundan sonra da müzəffər xalq kimi bütün qarşıya qoyulan vəzifələrin layiqincə öhdəsindən gələcək. Bunun üçün isə dövlət və yerli icra hakimiyyəti strukturları ilə yanaşı hər bir vətəndaşın fəallığı zəruridir.
Fazil Məhəmmədov,
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü