13 avqust 2022 01:12
792

"Qoy güclü qalib gəlsin!" sözləri bütün yarışlar üçün ədalət simvoludur

Konyada keçirilən  V  İslam Həmrəyliyi Oyunlarında  iştirak edən azərbaycanlı gənclərin qazandıqları  medalların artan sayı respublikamızda idmanın kütləviliyinə göstərilən qayğının, gənclər siyasətinin məntiqi nəticəsidir 

Qədim tarixə malik,  İslam həmrəyliyinə böyük töhfələr verən milli-mənəvi sərvətlərini qoruyan,  beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər quran, multikultural dəyərlərin təbliğində böyük xidmətləri olan Azərbaycanın sadiq qaldığı tolerantlıq xalıqımızın ən böyük sərvətidir.  Asiya ilə  Avropa arasında coğrafi,  mədəni  siyasi  körpü olan Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində nəinki  problem,  kiçik bir anlaşılmazlıq belə  yoxdur.  Respublikamızda müxtəlif illərdə   Prezident İlham Əliyevin sərəncamlarına əsasən  «Multikulturalizm İli»nin, «İslam Həmrəyliyi İli»nin elan olunması”  da göstərir ki, bəşəri dəyərlərə sadiqlik  ölkəmizdə dövlət siyasətinin əsas prioritetidir.  Birinci Avropa Oyunlarından sonra  əllidən artıq ölkənin təmsil olunduğu, 3 mindən çox idmançının iştirak etdiyi  IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın sivilizasiyalar, dinlər və qitələr arasında nadir  əhəmiyyətə malik ölkə olduğunu göstərdi. Siyasi, iqtisadi, hərbi qüdrəti ilə seçilən Azərbaycanın idman ölkəsi kimi fərqlənməsi artıq beynəlxalq səviyyədə təsdiqlənib. Beynəlxalq səviyyədə keçirilən yarışlarda, olimpiadalarda qazandıqları  qələbələri ilə onlara  göstərilən qayğını doğruldan gənclərimiz ən möhtəşəm  yarışlarda üçrəngli bayrağımızı yüksəklərə qaldırır, Dövlət Himnimizi səsləndirirlər. …Ölkəmizin idman tarixinə nəzər salaq  Müstəqil ölkə kimi ilk dəfə Atlanta yarışlarında (1996) iştirak edən  Azərbaycanın qismətinə  1 gümüş medal yazıldı. Sidney (2000) görüşü ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandırdı. Afinadan  (2004)  Azərbaycana 5 medalla qayıdan idmançılarımız Pekin (2008) yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindirdilər. Azərbaycana uğur gətirməklə  idmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay Olimpiadasında iştirak edən gənclərimiz ölkəmizə 10 medalla döndülər. 204 ölkənin iştirakı ilə  Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimiz  komando hesabı ilə 10-cu yerə layiq görüldülər. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları  təsdiqlədi ki, ölkəmizdə  perspektivli, güclü idmançılar nəsli yetişməkdədir.  İlk Avropa Oyunlarının, Dünya Şahmat Olimpiadasının, 17 yaşadək futbolçular arasında Avropa çempionatının, bədii gimnastika üzrə Dünya Kubokunun, «Formula 1»” kimi beynəlxalq yarışların ölkəmizdə keçirilməsi «Bakı-2017»” İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən  amillər, bu sahədə qazanılan zəngin təcrübədir.

Beynəlxalq arenalarda güclərini sınayan idmançılarımız

Hazırda Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında  ölkəmizi inamla təmsil edirlər.  Həmrəylik Oyunlarının Azərbaycandan sonra Türkiyədə keçirilməsinin özü belə qardaşlıq, həmrəylik, birlik rəmzinin davam edən ənənəsidir. İkinci Qarabağ müharibəsindən sonra paytaxtımızda  keçirilən  Zəfər paradında, Şuşa Bəyannaməsinin imzalanmasında,  «Xarıbülbül», «TEKNOFEST Azərbaycan» festivallarında qoşa dayanan Azərbaycanın və Türkiyənin prezidentləri İlham Əliyevlə   Rəcəb Tayyib Ərdoğanın V İslam Həmrəyliyi Oyunlarının açılışındakı məğrur görünüşləri bütünlükdə türk dünyasının sarsılmazlıq nümunəsi idi.  

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yarışlardan əvvəl  qardaş ölkədə  keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşərək öz güclərini təsdiqləmiş gənclərimizə  uğurlar arzuladılar. Dünyada güclü idman ölkəsi kimi tanınan Azərbaycanın Birinci Avropa  və IV İslam Həmrəyliyi Oyunlarında qazandıqları  nəticələri xatırladan Prezident İlham Əliyev Azərbaycan komandasını təmsil edən idmançılarla görüşündə də bütün heyətə   xoş arzularını bildirdi: « Əminəm ki, siz özünüzü burada evinizdəki kimi hiss edirsiniz. Əlbəttə ki, bu Oyunların Türkiyədə keçirilməsi bizim üçün əlavə imkanlar yaradır. Əlbəttə, biz çox şadıq ki, bu Oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq».
Artıq müzəffər xalqın, qalib ölkənin nümayəndələri kimi Oyunlarda iştirak edən idmançılarımız Azərbaycan xalqının döyüş meydanlarında əldə etdiyi Qələbəni idman arenalarında da təsdiqləyirlər. İkinci Qarabağ müharibəsində  Azərbaycan Ordusunu irəliyə aparan, qəhrəmanlıqlara ruhlandıran vətənpərvərlik ruhu Konyada davam etdirilən yarışlarda da hiss olunur. Vətənimizi ləyaqətlə təmsil etmək, bayrağımızın uca pillədə dalğalanması üçün ustalıqlarını nümayiş etdirən idmançılarımız komandamızın hesabına demək olar ki, hər gün qızıl, gümüş, bürünc medallar qazandırırlar. Bu uğurlar respublikamızın bütün bölgələrində idmanın inkişafına, kütləviliyinə,  gənc nəslin fiziki hazırlığına göstərilən diqqətin nəticəsidir.  İqtisadi imkanları  möhkəmlənən respublikamızda istifadəyə verilən idman komplekslərində hazırlıq keçən yeniyetmələrin respublikamızdan kənarlarda  keçirilən yarışlarda da ölkəmizi uğurla təmsil etmələri bu diqqətin nəticəsidir.
  2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları kimi Konya yarışları da birlik, həmrəylik, dostluq bayramı kimi davam edir.  Qələbə uğrunda mübarizə aparan idmançılar   biri-birinə ədalətli davranışları ilə  «Haqqı olan qazansın!» deyiminə sadiq qaldıqlarını səmimiyyətləri ilə bildirirlər.

V İslam Həmrəyliyi Oyunlarında  56 ölkəni təmsil edən  4 mindən çox  iştirakçı  idmanın  24 növü üzrə ustalıqlarını göstərərək 483 dəst medal uğrunda yarışırlar. Ölkəmizi isə   Konya Olimpiadasında yarışların ilk günlərində  qazandıqları uğurları, ustalıqları, məharətləri  ilə diqqəti cəlb edən  281 idmançı  təmisl edir.  Davam edən yarışların ümumi nəticələri  haqqında danışmaq hələ tez olsa da,  azərbaycanlı gənclərin  idmanın bütün növləri üzrə qazandıqları medalların artan sayı böyük qələbədən xəbər verir.  Bütün İslamiadalarda olduğu kimi,  Konya  yarışlarının da məramı dostluq, qardaşlıq, dünyamıza sülh çağırışları olmuşdur.   

V İslam Həmrəyliyi Oyunları çərçivəsində   Atletlər kəndində təşkil olunan «Azərbaycan günü”» də idmançılar və qonaqlar tərəfindən maraqla qarşılandı. Rəsmi və bədii hissə ilə davam etdirilən  tədbirdə çıxış edənlər İslamiadanın əhəmiyyətindən,  Konya Oyunlarının yüksək səviyyədə təşkilindən,  Türkiyə-Azərbaycan qardaşlığından söz açaraq yarışlarda əldə olunan  uğurları  İslami dəyərlərə töhfə adlandırdılar. Azərbaycanın xalq mahnı və rəqslərinin yaratdığı xoş ovqatdan məmnun qalan tamaşaçılar «Şuşa» musiqi qrupunun ifalarını alqışlarla qarşıladılar. Yarışlar davam edir, respublikamızı təmsil edən idmançıların qazandıqları medalların sayı artır. İdmançıların ümumi əhval-ruhiyyəsi, qaliblərin təbəssümləri bir mənanı ifadə edir: « Qoy, güclü qalib gəlsin!»

Xuraman İsmayılqızı, «İki sahil»