Azərbaycanın regionlarında yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi istisna olunmur. Bu fikri “Report” informasiya agentliyinə İpoteka və Kredit Zəmanət Fondunun baş direktoru İlham Kələşov bildirib. Onun sözlərinə görə, mənzil fondu vətəndaşların təklif və istəkləri nəzərə alınmaqla formalaşdırılır. Əhalinin tələbi əsasında mütəmadi olaraq kirayə mənzillərin siyahısı genişləndirilir. Potensial tələb olsa, regionlarda yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə verilməsi istisna olunmur.
Satmaq öhdəliyi ilə kirayə mexanizmi 2020-ci ilin mart ayından etibarən işə düşüb və ötən müddətdə 2246 mənzil reallaşdırılıb. Fond, həmçinin vətəndaşlara təklif edilən mənzil siyahısını genişləndirir. Bu siyahıya təkcə avqust ayında 405 mənzil əlavə edilib. Yeni mənzillər paytaxtla yanaşı, Abşeron rayonundadır.
İ. Kələşov qeyd edib ki, mənzil fondu vətəndaşların təklif və istəkləri nəzərə alınmaqla formalaşdırılır. Lakin bu o demək deyil ki, regionlarda sözügedən mexanizmə ehtiyac yoxdur. Əhalinin əksər hissəsinin regionlarda yaşadığını nəzərə alanda, bu mexanizmə paytaxdan kənarda da tələbin olduğu aydın görünür. Bununla belə, burada regionlarda mənzillərin tikintisi və əhalinin gəlirləri faktorları mühüm rol oynayır. Söhbət ilk növbədə ondan gedir ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi ancaq 2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən yaşayış sahələrinə aiddir. Digər tərəfdən, burada regionlardakı əhalinin gəlirlərinin bu mexanizmin tələblərinə əlçatanlığı da böyük əhəmiyyət daşıyır. Məsələn, Fondun təklif etdiyi Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksində yerləşən birotaqlı mənzil üçün aylıq ödəniş 586 manatdan başlayır. Paytaxtətrafı ərazilərdə isə qiymət bir qədər aşağıdır. Gəlirin daimi olmaması və rəsmiləşdirilməsi isə məsələnin başqa tərəfidir. Bu mənada satmaq öhdəliyi ilə kirayə mexanizminin regionları da əhatə etməsi əhalinin istəyindən çox şərtlərin əlçatanlığından asılıdır. Nəticədə regionlarda torpaq sahəsi alıb yaşayış sahəsi tikmək daha asan başa gəlir.
Fondun əhalinin mənzil təminatı ilə bağlı növbəti strateji dövr üçün planları 2020-2025-ci illəri əhatə edir və müddətdə 20 min ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 1,7 milyard manat məbləğində ipoteka kreditlərinin maliyyələşdirilməsi hədəf kimi müəyyən edilib. Bunun bir hissəsi satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində reallaşdırılacaq. Lakin burada əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması deyərkən bunun regionlardakı əhalini də əhatə etməsi vacib amildir.
Kirayə mənzil mexanizminin hədəf kütləsi əsasən gəliri olan, lakin ipoteka kreditinə çıxış imkanları məhdud olan ölkə vətəndaşlarıdır. Belə ki, kirayə mənzildə ilkin ödənişə tələb yoxdur. Vətəndaş ödəmə qabiliyyətinə uyğun olaraq onun üçün müəyyən edilmiş aylıq ödəniş məbləğinin minimum 12 mislini qabaqcadan ödəməklə kirayə mənzil əldə edə bilir. Qaydaya görə, satmaq öhdəliyi ilə kirayəyə mənzil əldə etmək üçün müraciətlər elektron sistemlə həyata keçirilir və növbəlilik əsasında qeydiyyata alınıb baxılır. Sənədlər Fonda təqdim edildikdən sonra 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır. Qaydaya əsasən, kirayəçi kirayə müqaviləsi üzrə alış qiymətini tam ödədikdə və yaşayış sahəsi kirayəçinin mülkiyyətinə keçdikdə kirayə müqaviləsi üzrə kirayə hüququ münasibətlərinə xitam verilir.
Ceyhun Piriyev, “İki sahil”
İKTA poçt xidmətləri üzrə III rübün şikayət indeksini və cavablandırma müddətlərini açıqlayıb
Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub
“PAŞA Kapital” BOKT “International”ın 1 milyon manatlıq istiqrazlarını yerləşdirib