08 sentyabr 2022 00:07
534

Geniş hədəflər, böyük imkanlar...

Türk dövlətləri ilə ticarət dövriyyəsi nə qədər artıb?

Azərbaycan coğrafi və tarixi-mədəni baxımdan Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında mühüm mövqe tutmaqla türk dünyası daxilində bir körpü rolunu oynayır. Avropa ilə Asiya arasında ən əhəmiyyətli nəqliyyat yollarının ölkəmizdə kəsişməsi bunun daha bir elementidir.

Türk dövlətləri Azərbaycan üçün iqtisadi cəhətdən çox əlverişlidir. Bir tərəfdən, türk dövlətlərinin aparıcı qüvvəsi olan Türkiyə bizim əsas ticarət və investisiya tərəfdaşlarımızdan biridir. Digər tərəfdən, məhz Mərkəzi Asiyanın türk dövlətləri – Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan iqtisadi sinergiya yaratmaq potensialına malikdirlər. Bu da beynəlxalq nəqliyyat layihələrinin və Azərbaycanın infrastruktur obyektlərinin (Ələt Azad İqtisadi Zonası, Bakı-Tbilisi-Qars dəmir yolu) inkişafına ciddi təkan verə bilər. Ümumtürk platformasının yaradılması vasitəsilə Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrin gücləndirilməsi Azərbaycanın öz regional əhəmiyyətini daha da artırması və bundan dividendlər əldə etməsi baxımından ən perspektivli yollardan biridir.

Azərbaycan ilə Orta Asiyada yerləşən türk dövlətləri arasında iqtisadi əlaqələr son illərdə ciddi şəkildə genişlənməkdədir. Bu ilin ilk yarısında ölkəmizin 4 türk dövləti ilə ümumi ticarət dövriyyəsi 544.360 milyon dollar olub və bu, 2021-ci ilin ümumi dövriyyəsindən 66.5 faiz çoxdur. Bu müddətdə Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi 326.673, Türkmənistan ilə 125.910, Özbəkistan ilə 87.478, Qırğızstan ilə isə 4.229 milyon dollar təşkil edib. Halbuki, 2021-ci il ərzində ölkəmizin adıçəkilən türk dövlətləri ilə 361.743 milyon dollarlıq ticarət dövriyyəsində Qazaxıstan 135.799, Türkmənistan 105.023, Özbəkistan 111.903, Qırğızıstan isə 9.018 milyon dollar paya malik idi.

Əlaqələrin dərinləşməsində birbaşa qarşılıqlı əməkdaşlıq və Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiya xüsusi töhfəyə malikdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2021-ci ilin noyabr ayında Türk Dövlətləri Təşkilatına çevrilməsi və Türk İnvestiya Fondunun təsis edilməsi də ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrə xüsusi təkan verdi. Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsində ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin xüsusi rolu var. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin Özbəkistana, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfərini xüsusi qeyd etmək lazımdır.

Türk dövlətləri öz aralarında ticarət dövriyyəsini daha da artırmağı əsas hədəflərdən biri olaraq müəyyənləşdiriblər. Azərbaycan-Qazaxıstan ilə ticarət dövriyyəsini 2 dəfə artıraraq 1.0 milyard dollar çatdırmağa, Türkiyə ilə isə növbəti 2 ildə 15 milyard dollarlıq ticari əməkdaşlığa nail olmağa çalışır.

Göründüyü kimi, hədəflər geniş, imkanlar böyükdür. Bütün bu potensialları reallaşdırmaqla türk dövlətlərinin birgə daha böyük regional uğurlara imza atacaqları şübhəsizdir.

Cavid Əkbərov, “İki sahil”