09 sentyabr 2022 01:16
796

Ucuzlaşan neftə ABŞ-dan tələbatın və qiymətin artımı proqnozu

Neftin qiyməti ona tələbatın azalacağı ilə proqnozlar səbəbindən enməkdədir. Lakin qlobal iqtisadiyyatda tənəzzüllə bağlı gözləntilər fonunda neftə tələbin azalacağına işarə edən proqnozların davam etməsinə baxmayaraq, ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) 2022-2023-cü illər üçün gündəlik qlobal tələbat üzrə proqnozunu artırıb.

EİA-nın aylıq hesabatında bildirilib ki, 2023-cü il üçün xam neftə olan qlobal gündəlik tələbat orta hesabla 101,5 milyon barrel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 0,01 milyon barrel çoxdur. Həmçinin cari ildə il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat 99,43 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki göstəricidən 0,1 milyon barrel çoxdur.

Ötən il gündəlik tələbat orta hesabla 97,38 milyon barrel, 2020-ci ildə 91,81 milyon barrel, 2019-cu ildə isə 101,23 barrel olub.

Qurum təkcə neftə tələbat proqnozunu deyil, onun qiyməti ilə bağlı gözləntisini də yüksəldib. EİA-nın proqnozuna görə, 2023-cü ildə “Brent” markalı xam neftin bir barrelinin orta qiyməti 96,91 dollar təşkil edəcək ki, bu da 2 ay əvvəlki (iyul) göstəricidən 1,78 dollar yüksəkdir.

EİA “Brent”in cari il üçün qiymət proqnozunu isə azaldıb.  Belə ki, bu markalı neftin orta qiyməti ilə bağlı proqnoz 104,78 ABŞ dollarından 104,21 dollaradək endirilib.

“Brent”lə bağlı vəziyyət WTI markalı xam neft üçün də keçərlidir.

Belə ki, qurum WTI markalı xam neftin bir barrelinin orta qiyməti proqnozunu 2022-ci il üçün 98,71 dollardan 98,07 dollar endirib, 2023-cü il üzrə isə 89,13 dollardan 90,91 dollara yüksəldib. Ötən il "Brent" markalı neftin bir barrelinin orta qiyməti 70,89 dollar, WTI-ın isə 68,21 dollar təşkil etmişdi.

Hasilata gəlincə, EİA bu istiqamətdə proqnozlarını azaldıb.  Belə ki, 2023-cü ildə gündəlik qlobal orta hasilatın 101,33 milyon barrel olacağı proqnozlaşdırılır  ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 0,05 milyon barrel azdır. Cari il üzrə isə gündəlik neft hasilatının 100,12 milyon barrel olacağı gözlənilir. Bu, ötən proqnozla müqayisədə 0,03 milyon barrel azdır.  Ötən il gündəlik orta hasilat 95,68 milyon barrel,  2020-ci ildə 93,84 milyon barrel, 2019-cu ildə isə 100,61 milyon barrel olmuşdu.

Ceyhun Piriyev, “İki sahil”