"Ən böyük nailiyyətim narkotik üzərində qələbəmdir. Bu, həyatımda gördüyüm ən çətini idi. Bu, xarakter formalaşdıran, kimin kim olduğunu göstərən çox böyük bir məktəbdir".
“İki sahil” xəbər verir ki, bu sözləri reper Elşad Xose yutubda yayımlanan "Минута Плюс" proqramında deyib. Uzun müddət narkotik aludəçisi olduğunu etiraf edən müğənni indi ona qalib gəldiyini söyləyib.
Elşad hazırda narkotikdən əziyyət çəkənlərə yardım etməyə hazırlaşdığını deyib: "Bunun üçün bir sosial layihə üzərində çalışıram. Bu mövzu mənim üçün çox ağrılıdır və vacibdir. Mən özümü təcrübəli və bu mövzuda qalib hesab edirəm. Bu məsələdə köməyə ehtiyacı olan insanlar var.
Layihənin isə birinci vəzifəsi təşviqat, düzgün həyat tərzi haqqında maarifləndirməkdir. Burada həkimlər danışmayacaq. Bu mövzunu bu yolu keçən, bunu danışmaqdan çəkinməyən şəxslər danışacaq. Əgər bu layihə ilə bir neçə nəfərin narkotikdən imtina etməsinə nail ola bilsəm, bu, mənim üçün böyük xidmət olacaq. Bu gün bu, son nəfəsimə qədər etməli olduğum ən böyük işlərdən biridir".
Şəxsi həyatından danışan reper "Xoşbəxtəm və xoşbəxt olacağıma inanıram" sözlərini əlavə edib.
Qeyd edək ki, Elşad bir neçə ay əvvəl ikinci dəfə ailə qurub. O, ilk dəfə rəqqasə Oksana Rəsulova ilə ailəli olub.