30 sentyabr 2022 16:01
719

Dövlət Xidməti Quba Soyqırımı Memorial Kompleksi ilə bağlı məlumat yayıb

Quba rayonunda yerləşən Soyqırımı Memorial Kompleksi dünya əhəmiyyətli, dövlət tərəfindən qorunan abidə qoruğudur. Azərbaycanlıların soyqırımı tarixini və erməni vandalizmini özündə əks etdirən ideoloji mərkəzdir.

Bu barədə “İki sahil”ə Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bir neçə gün öncə qoruğun mühafizə zonasında, muzey binası ilə üzbəüz istiqamətdə meşə zolağının üst hissəsində yerləşən ərazidə xəbərdarlığa baxmayaraq yaşayış evlərinin tikintisi başlanıb:

"Tikinti aparılan torpaq sahəsinə gedən yol da mövcud deyil. Hazırda Kompleksin elektrik təchizatını təmin edən yüksək gərginlikli elektrik xəttinin və internet kabelinin üzərindən qeyri-qanuni yol salınıb. Ağır yük maşınları Kompleksin işinə təhlükə yaratmaqda davam edir. Həmin ərazidə yaşayış evlərinin inşası Soyqırımı Memorial Kompleksinin fəaliyyətinə, onun ideoloji istiqamətinə, ərazinin görünüşünə xələl gətirir.

Tərəfimizdən tikinti işlərinin dayandırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət olunub və Quba Rayon Polis Şöbəsi tərəfindən tikinti işləri dayandırılıb".