06 oktyabr 2022 12:45
645

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin tarixi əhəmiyyəti

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabr ayının 30-da Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir. Dövlətimizin Başçısı Sofiya şəhərinin hava limanında Bolqarıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri tərəfindən qarşılanmışdı.

Oktyabr ayının 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin mərasimdə iştirak etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radev şəxsən özü qarşıladı. Tədbirdə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun texniki göstəriciləri, layihənin əhəmiyyətini əks etdirən videoçarx göstərildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu mötəbər tədbirdə çıxışını Bolqarıstan Respublikasının Prezidentini, Avropa Komissiyasının Prezidentini və digər ölkələrin prezidentlərini və Baş nazirlərini salamlamaqla başladı. Bolqarıstan Prezidenti cənab Rumen Radevə dəvətə görə təşəkkürünü bildirdi.  “Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsi” kimi qiymətləndirən cənab Prezident İlham Əliyev iki ilə yaxındır Avropa bazarlarına çıxarılan Azərbaycan qazının indi Bolqarıstana daxil olduğunu bildirdi. Ölkə Başçısı Avropa enerji xəritəsində Cənub Qaz Dəhlizi infrastruktur layihəsinin əhəmiyyətindən danışdı. Azərbaycan bu marşrutda Cənub Qaz Dəhlizini başlayan tərəfidir. İlkin yeganə mənbə Azərbaycanda “Şahdəniz” qaz yatağı olmuşdur. Bir neçə başqa qaz yataqlarının hasilatı bu yaxınlarda başlayacaqdır.  

Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında TAP-ın işə düşməsi ilə başlamışdır. Hazırkı vaxtda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya Azərbaycan qazı ixrac olunur. İndi Azərbaycanın təbii qazı Bolqarıstana da nəql ediləcəkdir.

Avropa əməkdaşlığının əhəmiyyətindən bəhs edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışının sonunda Bolqarıstan və Yunanıstan xalqlarını bu tarixi mərasimə, mühüm layihənin tamamlanması münasibətilə təbrik etdi. Ölkə Başçısı Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoruna uzun və uğurlu fəaliyyət arzu etdi.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri