Cari ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkəti 654 milyon 918 min manat məbləğində sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz və ya 75 milyon 815,7 min manat çoxdur. Bu dövrdə sığorta ödənişlərinin məbləği isə 16,5 faiz azalaraq 283 milyon 671,5 min manat təşkil edib. Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqının 43,3 manatı ödəniş edilib. Hərçənd ki, ötən ilin müvafiq dövründə bu göstərici 58,5 manat olmuşdu.
Bu ilin 8 ayı ərzində yığılmış sığorta haqlarının 24,6 faizi icbari sığorta növlərinin payına düşüb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,3 faiz azdır. Könüllü sığorta növlərində yığım isə 23,8 faiz artaraq ümumi sığorta haqlarının 75,4 faizinə bərabər olub. Könüllü sığorta növlərinin 53,5 faizini bir sığorta növü - həyatın yaşam sığortası təşkil edib. Ümumilikdə götürdükdə, sığorta bazarının 40,3 faizi bu sığorta növündən ibarətdir. Ötən ilin bu dövründə bu rəqəm 32,4 faiz olmuşdu. Başqa sözlə, sektorun bir məhsuldan asılılıq artmaqda davam edir. Bu sığorta növü üzrə yığımlar son bir ildə 40,2 faiz və ya 62 milyon 408,6 min manat artmaqla ümumi artımı geridə qoyub. Bu da o deməkdir ki, həyatın yaşam sığortası bu ilin 8 ayında sığorta bazarının böyüməsində həlledici rol oynamaqla digər növlər üzrə azalmanı da kompensasiya edib.
Sığorta ödənişlərindəki azalmada isə həm könüllü, həm də icbari sığorta növlərinin payı var. Belə ki, 2022-ci ilin birinci yarısında könüllü sığorta növləri üzrə ödənişlər 14,5 faiz, icbari sığorta növləri üzrə ödənişlər isə 22,85 faiz azalıb. Ödənişlərin 77,7 faizi könüllü sığorta növlərini o cümlədən 54,8 faizi həyatın yaşam sığortası növünü əhatə edib. Başqa sözlə, hesabat dövründə həyatın yaşam sığortası ödənişlərdə də aparıcı mövqe tutub.
Hesabat dövründə yüksək asılılıq şirkətlərinin sektordakı mövqeyində də təkrarlanıb. Söhbət ondan gedir ki, 8 ayda toplanmış sığorta haqlarının 42,6 faizi 1 şirkətin, 66 faizi 2 şirkətin payına düşüb. Ən az sığorta haqqı toplamış 5 şirkət ümumi yığımların 2,3 faizini təşkil edib. Qalan 13 sığorta şirkətinin ümumi yığımlarda payı 31,7 faizə bərabər olub. Şirkətlərdən 4-ü istisna olmaqla digərlərinin yığımlarında artım olub. Yığımları azalan şirkətlərdən birinin hətta ödənişləri topladığı sığorta haqqından 2 dəfəyə yaxın çox olub.
Qeyri-bərabərlik sığorta ödənişlərini də əhatə edib. Bu dövrdə sığorta ödənişlərinin 50,2 faizi 1 şirkətin, 67,1 faizi 2 sığorta şirkətinin payına düşüb. 13 sığorta şirkətinin ümumi ödənişlərdə payı isə 32,56 faiz olub. Yerdə qalan 5 sığorta şirkətinin cəmi sığorta ödənişləri ümumi ödənişlərin 0,34 faizini təşkil edib.
Ümumilikdə isə yanvar-avqust aylarında toplanmış sığorta haqlarının 54 faizi, ödənişlərinin 56,3 faizi həyat sığorta şirkətlərinin payına düşüb.
Ceyhun Piriyev, “İki sahil”