Musiqi insan beyninin həzin laylasıdır, sinirlərinin yumşaq sığalıdır... Bəzən ürəyinin nisgilini, göz yaşı ilə axıda bilmədiyin acılarını musiqi ilə axıdırsan, sevincini isə oynaq, yaxud lirik musiqilərdə yaşayırsan. Ağ vərəq kimi təmiz beyinlərə bu həzin laylaları yazan, sazın, tarın, kamanın, tütəyin, qarmonun, fortepianonun və digər musiqi alətlərinin dillərində barmaqları not-not gəzdirən, musiqiçilər nəsli yetişdirmək kimi möhtəşəm bir işi görən müəllimlərimiz nə qədər xoşbəxtdirlər.
Bu gün onlardan biri-Səbinə Mehdiyeva və onun rəhbərlik etdiyi kollektivin uğurlarından söhbət açmaq istəyirəm. Beynəlxalq Müəllimlər Gününün qeyd olunduğu bu günlərdə Səbinə xanımın da bu kollektivə rəhbər təyin olunmasından bir il ötür. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mətləb qızı Mehdiyeva 1975-ci ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə fortepiano ixtisası üzrə daxil olub. 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Asəf Zeynallının xatirəsinə həsr olunmuş gənc ifaçıların I Respublika müsabiqəsində diploma layiq görülüb. 1993-1997-ci illərdə Azərbaycan Milli Konservatoriyasını fortepiano ixtisası üzrə bitirib. 1997-ci ildə magistraturaya daxil olub, ailə vəziyyəti ilə bağlı magistraturanı 2000-ci ildə bitirib, magistr dərəcəsi alıb. 1999-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyir. 2021-ci il oktyabrın 1-dən Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Sumqayıt Musiqi Kollecinin direktorudur.
Onun həyatı və fəaliyyəti çoxşaxəli və rəngarəngdir. Üz-üzə oturub söhbət etdiyimiz zaman sənətinə, işinə tükənməz enerji ilə bağlılığı hiss olunurdu. İxtisası fortepiano olsa da, musiqi sənətinin hər sahəsinə baş vururdu. Bu, çoxşaxəlilik onu bütün fəaliyyəti dövrü müşayiət edib. Müsabiqələrdə iştirakı, rəhbərlik etdiyi kollektivin musiqi yarışmalarında özəlliklə seçilməsi, təltifləri, ödülləri, xalqın dərdinə köklənib anım günlərində xalqın yanında olması, daha nələr, nələr Səbinə xanımın haqqında xoş söz deməyə əsas verir. Tükənməyən enerjisini sərf etdiyi kollec haqqında dedi:
- Əvvəla onu deyim ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir. Əvvəlki adı Sumqayıt Musiqi Texnikumu olan tədris müəssisəsi 1965-ci ildən fəaliyyət göstərir. Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli Qərarına əsasən, Sumqayıt Musiqi Kolleci adlandırılıb. 11 iyul 2020-ci ildə Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusu ilə Sumqayıt Musiqi Kolleci adlandırılaraq yenidən təşkil edilib.
Orta ixtisas təhsil proqramlarını həyata keçirən tədris müəssisəsi kimi Sumqayıt Musiqi Kolleci əyani şöbədə: "Fortepiano", "Orkestr alətləri", "Xalq çalğı alətləri", "Xanəndə", "Opera və kamera müğənnisi", "Xor dirijorluğu", "Musiqi nəzəriyyəsi", "Estrada musiqi sənəti" ixtisasları üzrə, qiyabi şöbədə: "Fortepiano", "Xalq çalğı alətləri ", "Musiqi nəzəriyyəsi" ixtisasları üzrə "Kiçik mütəxəssis" dərəcəli gənc musiqiçilər hazırlayır. Tələbələrin təlim-tərbiyəsi ilə yüksəkixtisaslı təcrübəli müəllim heyəti məşğul olur. Kolleci bitirən tələbələr respublikanın müxtəlif ali təhsil ocaqlarında öz təhsillərini davam etdirirlər. Məzunlar respublikamızın müxtəlif bölgələrinin uşaq musiqi və incəsənət məktəblərində, mədəniyyət evlərində gənc nəslin estetik tərbiyəsi ilə, eləcə də respublikamızın tanınmış musiqi kollektivlərində, xalq çalğı alətləri orkestrində, Dövlət simfonik orkestrində, radio və televiziya verilişləri qapalı cəmiyyətinin musiqi proqramlarında ifaçılıqla məşğul olurlar. Respublika Təhsil Nazirliyinin orta ixtisas məktəblərinin tələbələri arasında keçirdiyi müsabiqələrdə kollecin tələbələri də uğurla çıxış edərək qalib yerlərə layiq görülürlər. Tədris ocağında fəaliyyət göstərən "Xalq çalğı alətləri orkestri", "Xor kollektivi", "Nəfəs və zərb alətləri orkestri", "Tello" xalq çalğı alətləri ansamblı", "Muğam üçlüyü", "Müəllimlər ansamblı", Sumqayıt şəhərinin, eləcə də respublikanın mədəni-kütləvi tədbirlərində musiqi mədəniyyətimizi geniş təbliğ edirlər. Kollec tələbələrinin ümumi dünyagörüşlərinin, intellektual səviyyələrinin inkişafını yüksəltmək məqsədilə Ü. Hacıbəyli, Q. Qarayev, F. Əmirov, T. Quliyev, T. Bakıxanov, Şuman kimi görkəmli bəstəkarların əsərlərindən ibarət "Konsert-gecələr", şöbə və sinif konsertləri, elmi-praktik konfranslar keçirilir. Bakı Musiqi Akademiyasının professor və müəllim heyəti ilə sıx metodik-yaradıcılıq əlaqələri yaradaraq açıq-nümunəvi dərslər, yaradıcılıq görüşləri keçirilir. Təhsil islahatları proqramının tələblərini əldə rəhbər tutan kollec kollektivi bu proqramdan irəli gələn vəzifələri daha əzmlə həyata keçirməyi qarşıya məqsəd qoyub. Məqsədə çatmaq üçün isə deyildiyi kimi, rəhbərlik təlim və tədrisin bütün imkanlarından maksimum səmərə ilə istifadə olunmasına çalışır.
Kollec istedadlı və savadlı gənc musiqiçilər yetişdirən məbədgahdır və bu məbədgah bu gün zəfərlərə imza atan Azərbaycan Respublikası üçün “xarıbülbüllər” yetişdirir. Qısaca desək, kollec gənc istedadlar məskənidir. Çox keçməz ki, onların səsi mötəbər məclislərdən, verilişlərdən və proqramlardan gələcək. İnandırıcıdır ki, bu gənclərin sədası yaxın zamanda ölkəmizin sərhədlərini aşaraq çox uzaqlardan gələr. Gənc müəllim Misirxan Misirxanov kollektivdəki işgüzar mühitdən söz açaraq dedi:
- Direktorumuz Səbinə xanım həm çox tələbkar rəhbər, həm də duyğulu bir ifaçıdır. Gözündən və diqqətindən heç nə yayınmır. Nizam-intizamın möhkəm olmasına ciddi diqqət yetirir, kollecin bütün tədris ləvazimatları, çalğı alətləri ilə təmin olunmasından ötrü cidd-cəhdlə çalışır. Bu gün onu ən çox narahat edən məsələ tədris müəssisəsinin yeni binaya köçməsidir ki, o da yaxın zamanda həll olunacaq. Direktorumuz qarşıda duran bütün məsələləri yerindəcə uğurla həll edir. Səbinə xanım nəyə qadir deyil ki...
Misirxan müəllimin bu sözləri yadıma böyük Müşfiqimizin məşhur misralarını saldı:
Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şən günlər,
Yoluna düşən günlər
Hələ qarşımızdadır!
Kollecin müəllim və tələbə kontingentlərinə yeni dərs ilində yeni uğurlar arzulayırıq!
Rəhilə Misirxanlı,
Aİİ-də çıxan “İlahiyyat” jurnalının redaktor müavini