07 oktyabr 2022 23:58
591

Qeyri-neft ixracı: Aqrar sahədə vəziyyət necədir?

Rəsmi statistikaya görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin doqquz ayı ilə müqayisədə 17 faiz çoxdur.

İxracın 28,2 faizini aqrar və aqrar sənaye məhsulları təşkil edib. Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591,5 milyon ABŞ dollarına bərabər olub. Lakin burada əsas pay aqrar məhsullarındır. Bu ilin 9 ayında ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,9 faizini təşkil edib. Bu da o deməkdir ki, sözügedən ixrac qrupunda əsas yeri xam məhsullar, yəni emal edilməmiş məhsullar tutub.

Bu qrupda aqrar  sənaye məhsulları isə 7,1 faiz paya malik olmaqla dəyəri 42 milyon ABŞ dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 artımla cəmi qeyri-neft ixracının 2 faizinə bərabər olub.

Bəs, bu sahədə istehsalın vəziyyəti necədir?

Bu sahədə yanvar-sentyabr aylarının göstəriciləri hələ ki, açıqlanmasa da ilin ilk 8 ayının məlumatları bəllidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında ölkədə qida məhsullarının istehsalının dəyəri 3 milyard 398,5 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz çoxdur.

Yanvar-avqust aylarında ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının faktiki qiymətlərlə dəyəri 7 milyard 428,8 milyon manat təşkil edib ki, onun da 3 milyard 341,1 milyon manatı heyvandarlıq, 4 milyard 87,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Bitkiçilik məhsullarının istehsalı 3,6 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,7 faiz artıb.

Qeyri-neft ixracının digər sahələrində…

Cari ilin yanvar-sentyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 38 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 20,7 faiz artıb.

Sentyabrda qeyri-neft ixracının 78,5 faizi qeyri-yeyinti məhsullarından ibarət olub

Təkcə sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrünə nisbətən 2,9 faiz azalaraq 231,2 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin sentyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 7,4 faiz artaraq 49,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 1,7 faiz artaraq 181,6 milyon ABŞ dollarına bərabər olub.

Ceyhun Piriyev, “İki sahil”