İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb ki, özəl sektora dövlət dəstəyi çərçivəsində Nazirliyin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bu ilin əvvəlindən 1 963 sahibkara 90,2 milyon manat, o cümlədən 1 953 kiçik və orta həcmli layihəyə 62,8 milyon manat güzəştli kredit verilib. Belə məlum olur ki, 10 iri sahibkarlıq subyektinə isə 27,4 milyon manat və ya ümumi güzəştli kreditlərin 30,4 faizi məbləğində vəsait yönəldilib.
Nazirin sözlərinə görə, güzəştli kreditlərin 68,8 faizi aqrar sektorun, 31,2 faizi sənaye məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib.Kreditlərin 83,3 faizi regionların, 16,7 faizi isə Bakı qəsəbələrinin payına düşüb.
Ümumilikdə isə indiyədək 41 min 475 sahibkarın dəyəri 6 milyard 380 milyon manat olan SİF tərəfindən dövlətin 2 milyard 743 milyon manat dövlətin güzəştli krediti verilib. Bu, o deməkdir ki, belə layihələrin reallaşdırılmasına yönəldilmiş vəsaitlərin orta hesabla 43 faizi dövlətə məxsus olub.
“Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 2-ci “Fondun güzəştli kredit vəsaitindən istifadə istiqamətləri” bəndinin icrası ilə əlaqədar iqtisadiyyatın sahələri üzrə müəyyən edilmiş prioritet istiqamətlər mövcuddur. Buraya ilk növbədə ölkə başçısının Fərman və sərəncamlarında, Dövlət proqramlarında, Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi layihələri aiddir.
Bundan başqa, kənd təsərrüfatı və qeyri-neft sənaye sahələri, tibb, təhsil, ictimai iaşə və ictimai nəqliyyat xidmətləri, logistik mərkəz, soyuducu, taxıl anbarı kompleksləri, yaşıl market, fermer mağazalarının yaradılması yönümlü layihələrin dəstəklənməsi də bu sıraya aiddir. Güzəştli kreditlər, həmçinin turizmin və qədim xalq sənətlərinin inkişafı, tikinti sektorunda istifadə olunan maşın, qurğu və avadanlıqların alınması üzrə layihələrə də yönəldilir. Belə vəsaitləri, eyni zamanda, kütləvi informasiya vasitələrinin inkişafı layihələri üçün də cəlb etmək mümkündür. Bununla yanaşı, rəqəmsal iqtisadiyyat, internet, telekommunikasiya xidmətlərinin inkişafı, bərpa olunan enerjinin tətbiqi istiqamətində layihələrinin dəstəklənməsi üçün də güzəştli kredit əldə etmək olar.
Layihələrin qiymətləndirilməsi zamanı ilk növbədə qeyri-neft sektorunun inkişafı üzrə innovativ texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi və ya genişləndirilməsi dayanır. Eyni zamanda, idxaləvəzləyici və ixracyönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması, genişləndirilməsi də layihələrin qiymətləndirilməsində əsas meyarlardan biridir. Bundan başqa, aqroparkların, eləcə də aqrar sektorda müasir texnologiyaların tətbiqi ilə fermer təsərrüfatlarının və emal müəssisələrinin yaradılması, genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələri də qiymətləndirmədə üstünlük verilən amillərdəndir.
Qeyd etmək lazımdır ki, layihələrin güzəştli kreditləşdirilməsində ərazi faktoru da böyük rol oynayır. Məsələn, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə güzəştli kreditlərin verilməsi üçün 21 sahə prioritet seçilibsə, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarına 15 sahədə fəaliyyət üçün güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. O da qeyd edilməlidir ki, güzəştli kreditlərin verilməsi üzrə prioritet istiqamətlər hər il SİF-in Müşahidə Şurasının qərarı ilə müəyyən edilir.
Ceyhun Piriyev, “İki sahil”