12 oktyabr 2022 02:37
668

Gömrük yığımlarının artım tempi idxalı üstələyib

Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-sentyabr ayları üzrə büdcəyə daxil etdiyi vəsaitin məbləğini açıqlayıb.  Məlum olub ki, bir neçə ay əvvəl dövlət büdcəsinə dəyişikliklər çərçivəsində Komitənin cari il üzrə ödəməli olduğu vəsaitin məbləği artırılsa da qurum 9 ayda illik planın əksər hissəsini yerinə yetirib.

DGK-nın xətti ilə yanvar-sentyabr aylarında büdcəyə 4 milyard 227 milyon manat daxil olub ki, bu da illik proqnozun (4 milyard 605 milyon manat) 92 faizinin yerinə yetirildiyi deməkdir. Buradan belə aydın olur ki, büdcəyə daxilolma proqnozu artırılmayacağı təqdirdə Komitə 9 ay ərzində 2022-ci il üçün nəzərdə tutulan planın 99,2 faizini yerinə yetirmiş olacaqdı. 

Gömrük yığımları əsasən idxal əməliyyatı hesabına formalaşır. Lakin gömrük yığımlarındakı artım tempi idxalın artım tempini də üstələyir. Xarici ticarət üzrə cari ilin 9 ayının göstəriciləri hələ ki, açıqlanmasa da yanvar-avqust ayları üzrə bu nüansı görmək olur. Belə ki, yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətən ölkəyə idxalın dəyəri 20,7 faiz, gömrük yığımlarının məbləği isə 34,1 faiz artıb. Real ifadədə azalmasına baxmayaraq dəyərinin artması isə  idxalın bahalaşmasından xəbər verir.    

Ümumilikdə isə bu ilin avqust ayını Komitənin 31 illik tarixində ən uğurlu ay hesab etmək olar. Həmin ay DGK dövlət büdcəsinə 746 milyon 777 min manat daxil edib ki, bu da indiyədək qeydə alınmış ən yüksək aylıq göstəricidir.

Düzdür, avqust ayında idxalın dəyəri 1 milyard 374 milyon 445 min ABŞ dolları olub ki, bu da cari il üzrə ən yüksək göstəricidir. Cari ildə idxalın dəyərinin ikinci ən yüksək olduğu  ay isə iyun olub.  Həmin ay ölkəyə 1 milyard  221 milyon  335 min ABŞ dolları dəyərində idxal həyata keçirilib. Avqust ayında  idxalın dəyəri iyunla müqayisədə 12,5 faiz çox olub. Lakin iyun və avqust ayları üzrə gömrük yığımları məbləğləri arasında  fərq daha böyükdür.  İyun ayında büdcəyə  475 milyon 956,9 min manat gömrük ödənişləri daxil olduğunu nəzərə alanda avqustda bu göstəricinin 56,9 faiz artdığı məlum olur. Başqa sözlə, iyun ayı ilə müqayisədə avqustda gömrük yığımlarının artım tempi idxalı 4,5 dəfədən çox üstələyib.

İyun ayı ilə müqayisədə avqustda gömrük yığmlarının idxala nisbəti də artıb. İyunda yığılan gömrük ödənişləri idxalın 22,9 faizini təşkil edib.  Avqustda isə gömrük ödənişləri idxalın  nə az, nə çox düz  32 faizinə bərabər olub. 

Ceyhun Piriyev, “İki sahil”