11 oktyabr 2022 18:06
641

TAP-ın icraçı direktoru: Azərbaycandan İtaliyaya qaz tədarükü artıb

Trans-Adriatik qaz xətti (TAP) artıq İtaliyanı yeni qaz mənbəyi ilə təmin edir və tələbatının 14 faizdən çoxunu qarşılayır.

“İki sahil” xəbər verir ki, bunu TAP konsorsiumunun icraçı direktoru Luka Skyeppati deyib.

O qeyd edib ki, İtaliyanın TAP vasitəsilə qaz tədarükü ötən illə müqayisədə 60 faizdən çox artıb.

"Biz Avropa, o cümlədən, İtaliyaya əlavə qaz həcmləri təklif etmək üçün Cənub Qaz Dəhlizi üzrə tərəfdaşlarımızla birgə nəql gücünün 20 milyard kubmetrədək artırılması planlarına sadiqik", - deyə o bildirib.

Skyeppatinin sözlərinə görə, nəql gücünün genişləndirilməsi 2027-ci ilin sonunadək baş verəcək.

"Bu, yeni borular döşəmədən və İtaliya ərazisində əlavə işlər üçün zərurət olmadan mümkün olacaq. Bunun üçün sadəcə Yunanıstan və Albaniyada yeni kompressorların quraşdırılması kifayət edəcək", - L.Skyeppati deyib.