Dövlət Turizm Agentliyinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 162 min 959 və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Təkcə sentyabr ayında ölkəmizə gələnlərin sayı 158 min 803 nəfər olub ki, bu da ötən ilin eyni ayına nisbətən 2,2 dəfə çoxdur.
Sentyabrda ziyarətçilərin 29,1 faizi Rusiyadan, 18,6 faizi Türkiyədən, 10,5 faizi İrandan olub. Gələnlərin 16,2 faizi Asiya, 11,3 faizi Yaxın Şərq, 7,4 faizi Avropa regionunun payına düşüb.
Ölkəyə gələnlərin sayının kəskin artması turizm və ictimai iaşə sahəsində iş yerlərinin artmasına səbəb olub. Belə ki, rəsmi rəqəmlərə görə, cari ilin yanvar-iyul aylarında bu sahədə 33,1 min nəfərin çalışdığı məlumdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 min dəfə və ya 14,1 faiz çoxdur.
Həmçinin bu sahədə çalışanların əməkhaqlarında da artım olub. Belə ki, cari ilin yanvar-iyul aylarında turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində ölkə üzrə orta aylıq əməkhaqqı 652,8 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 13,6 faiz çoxdur. Maraqlıdır ki, rəsmi məlumatlara görə, bu sahədə dövlət sektorunda çalışanların özəl sektordakılarla müqayisədə 2,4 dəfə çox əməkhaqqı aldıqları məlum olur. Belə ki, bu ilin 7 ayında sözügedən sahədə dövlət sektoru üzrə çalışanların orta aylıq əməkhaqqı 1473,6 manat olduğu halda, özəl sektorda bu rəqəm 620,7 manat təşkil edib. Başqa sözlə, özəl sektorda çalışanların orta aylıq məvacibləri bu sahədəki orta göstəricidən də (4,9 faiz) aşağı olub.
Ancaq əməkhaqlarında kəskin fərqin olması bu sahədə ümumi daxili məhsul istehsalının (ÜDM) artımına mane olmayıb. Düzdür, artım turistlərin sayındakı tempdən aşağı olub. Cari ilin yanvar-avqust aylarında bu sahədə ÜDM istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz artaraq 1 milyard 239,2 milyon manat təşkil edib.
Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinə əsaslı kapital qoyuluşunda isə geriləmə olub. Hesabat dövründə bu sahəyə investisiya qoyuluşu 54,1 faiz azalıb.
Bununla belə, hesabat dövründə, o cümlədən sentyabr ayında ölkəyə gələnlərin sayı hələ də pandemiyadan əvvəlki ilin - 2019-cu ilin müvafiq göstəricisindən xeyli geri qalır. Belə ki, 2019-cu ilin yanvar-sentyabr ayında ölkəyə gələnlərin sayı 2,4 milyon nəfər olmuşdu ki, bu da cari ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çox idi. Həmçinin 2019-cu ilin sentyabr ayında 280 min nəfər Azərbaycan sərhədlərini keçmişdi ki, bu da cari ilin eyni ayına nisbətən 1,8 dəfə fərq deməkdir.
Ceyhun Piriyev, “İki sahil”
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” platforması vasitəsilə də təqdim olunur
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər