20 oktyabr 2022 12:37
452

Şəhidlərimizin xatirəsi əbədi yaşayacaq - FOTO

Ağsuda Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhraman oğullarımız İbişov Vüsal Əli oğlu və Nəcəfov Fərid Fərman oğlunun anım mərasimləri keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzərək ruhlarına dualar oxuyublar. Tədbirdə çıxış edənlər şəhid Fərid Nəcəfovun və şəhid Vüsal İbişovun keçdikləri şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Şəhidlərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Vüsal İbişov 2020-ci il oktyabrın 16-da Talış və Suqovuşan istiqamətində gedən qızğın döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Fərid Nəcəfov isə 2020-ci il oktyabrın 10-da Goranboy rayonu, Gülüstan kəndi istiqamətində gedən qızğın döyüşlərdə şəhidlik məqamına yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.