24 oktyabr 2022 20:21
754

Milyonlarla dəniz canlısı plastik tulantılar səbəbindən tələf olur FOTO

Regionlarda bələdiyyələrlə birgə ekoloji maarifləndirmə kampaniyasının təşkili Oğuz rayonunda da həyata keçirilib.

“İki sahil” xəbər verir ki,  günümüzdə plastik tulantıların  insanlara, təbiətdəki bütün varlıqlara vurduğu ziyandan danışan layihə rəhbəri Habil Niftalı Azərbaycanda ekoloji mühitin qorunmasının və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.

“Son illər, ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tulantılarıdır. 1960-cı ildə bərk məişət tullantıların tərkibində plastik tullantıların miqdarı bir faiz idi. Lakin bu göstərici hal-hazırda 12 faizdən çoxdur. Belə ki, dünyada plastik tullantıların yalnız 20 faiz təkrar emal olunur. Hər il ətraf mühitə 150 tondan çox plastik tullantı atılır. Milyonlarla dəniz canlısı plastik tullantılar səbəbindən tələf olur. İnsanlar, xüsusi ilə də yeniyetmə və gənclər arasında bu mövzuda maarifləndirmə tədbirlərin aparılması onlarda ekoloji şüurun və tərbiyyənin formalaşdırılması günümüzün ən vacib tələblərindəndir”, deyə layihə rəhbəri bildirib.

Dünya təcrübəsi də göstərir ki, belə hallarla ən səmərəli mübarizə üsulu yerli icmaların xüsusilə də yerli idarəetmə qurumlarının- bələdiyyələrin bu prosesə cəlb olunması ilə aparılır. Yerli icmanın maarifləndirilməsi və səfərbər edilməsi üçün bələdiyyələrlə əməkdaşlıq çox mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə həyata keçirilən bu qəbildən olan layihələri dövlətlə vətəndaş cəmiyyətinin praktik əməkdaşlığı kimi qiymətlədirmək lazımdır.

Daha sonra çıxış edən layihənin eksperti Taleh Əliyev Regionlarda bələdiyyələrlə birgə ekoloji maarifləndirmə mövzusunda tədbir iştirakçılarına geniş məruzə edib.

Tədbir zamanı iştirakçılara maarifləndirici bukletlər paylanılıb və çay süfrəsi açılıb.

Xatırladaq ki, iki ay müddətinə icra olunacaq layihə çərçivəsində məqsəd Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında bələdiyyə üzvləri, fermerlər və kənd təsərrüfatı mütəxəssisləri arasında maarifləndirmə işi apararaq, bu günün bəlasına çevrilən ekoloji problemlərin gələcəkdə nələrə yol aça biləcəyini, hansı fəsadlar yaradacağını tədbir iştirakçılarının diqqətinə çatdırmaqdır.