31 oktyabr 2022 12:43
385

Teymur Musayev: Birgə dərman və tibbi avadanlıq istehsalı imkanlarını nəzərdən keçirməyi yüksək qiymətləndiririk - FOTO

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə dərman və tibbi avadanlıq istehsalı imkanlarını nəzərdən keçirməyi yüksək qiymətləndiririk.

“İki sahil” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Türk Dünya Tibb Konqresinin iclasında çıxışı zamanı deyib.

Türk Dövlətləri Təşkilatı çərçivəsində səhiyyə sektorundakı perspektiv imkanlarından danışarkən Teymur Musayev vurğulayıb ki, üzv və müşahidəçi ölkələrin coğrafi mövqeyi, demoqrafik göstəriciləri, əmək ehtiyatları, ixtisaslı işçi qüvvəsi, bazar həcmi, investisiya şərtləri nəzərə alınmalı mühüm amillərdir: "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatı birgə fəaliyyətimizin ilkin istiqamətləri kimi düşünülə bilir. Xüsusən COVID-19 pandemiyası hər bir ölkənin əczaçılıq məhsulları və tibbi avadanlıqlara olan tələbatını tam təmin etməsinin strateji məsələ olduğunu önə çıxardı. Bu baxımdan, Təşkilat çərçivəsində birgə dərman və tibbi avadanlıq istehsalı imkanlarını nəzərdən keçirməyi yüksək qiymətləndiririk", - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.