11 noyabr 2022 17:53
773

Mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi qaydası dəyişdirilib

Azərbaycanda mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi qaydası dəyişdirilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”na yeni 1.3-cü bənd əlavə edilir.

Yeni bəndə əsasən, Şuşa şəhərinin ərazisində mülkiyyətində, istifadəsində və ya icarəsində abidələrin olduğu fiziki və ya hüquqi şəxslər tərəfindən abidələrin qorunması və ya mühafizə müqavilələrinin şərtlərinə əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə abidələrdə monitorinq “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Bundan əlavə, qaydanın 3.2-ci bəndi yeni redaksiyada verilib:

"Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi məqsədilə dövlət qurumlarının hər birində onların əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiyalar yaradılır”.

Qaydanın əvvəlki varinatı isə belə olub:

"Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi məqsədi ilə Nazirliyin əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiyalar yaradılır. Agentliyin tabeliyindəki dövlət qoruqlarının ərazilərində dövlət monitorinqinin həyata keçirilməsi məqsədilə Agentliyin əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiya yaradılır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə dövlət monitorinqinin həyata keçirilməsi məqsədi ilə İdarənin əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiya yaradılır. Mədəniyyət sahəsində dövlət monitorinqinin müşahidələrindən asılı olaraq komissiyanın tərkibində zərurət yarandıqda müvafiq mütəxəssislər, qeyri-hökumət təşkilatlarının, o cümlədən yaradıcılıq birliklərinin nümayəndələrindən ibarət yardımçı işçi qrupu yaradıla bilər. Yardımçı işçi qrupunun üzvlərinin əmək fəaliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir".