14 noyabr 2022 23:35
1100

Azad olunmuş ərazilərdə öz resurslarımız hesabına apardığımız quruculuq işləri əsas prioritetlərdəndir - FOTO

Dünya ümumiyyətlə quruculuqla, tikib yaratmaqla yaşayıb inkişaf edibdir.

Heydər Əliyev,
Ümummilli Lider, Heydər Əliyev

Dövlətimiz işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı tədbirlərin uğurla həyata keçirilməsinə start vermişdir. Belə ki, bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və müasir hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılmaqdadır. Ölkə başçısının həmin ərazilərə səfərləri zamanı yeni-yeni obyektlərin təməlinin qoyulması da işlərin ardıcıllıqla davam etdiyinin bariz göstəricisidir.

Dövlət başçısının, demək olar ki, bütün çıxışlarında, xarici ölkələrin nümayəndələri ilə təmaslarında da Qa­rabağın bərpası əsas müzakirə mövzusu olur. Prezident İlham Əliyev bu mövzu­da danışarkən işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən infrast­ruktur layihələri, investisiyaların cəlb olunması barədə məlumat verir. Bildirir ki, həmin ərazilərdə yenidənqurma pro­sesi gedir, qarşıda nəhəng işlər durur və böyük bir ərazi tamamilə yenidən quru­lacaq.

Ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərin yenidən qurulması ölkədə iqtisadiyyatın qeyri-enerji sektoru­nun, xüsusilə tikinti sahəsinin inkişafına təkan verəcək.

Ölkə başçısı “yaşıl region”, “ağıllı kənd”, “bərpa olunan alternativ enerji” konsepsiyası ilə yenidən qurulacaq kəndlərin təməlinin qoyulduğunu, işğaldan azad edilmiş əraziləri “yaşıl zona” elan etdiyini, həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasından istifadə olunacağını, şəhərlər üçün baş planların hazırlandığı­nı, enerji istehsalı, elektrik enerjisi, avto­magistrallar, dəmir yolları, hava limanları ilə bağlı infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib.

Azərbaycan lideri keçirdiyi görüşlərdə ərazilərin tamamilə yeni tələb-təklif prinsiplərinə uyğun bərpa olunacağını bildirib. Onun sözlərinə görə, Vətən müharibəsi dövründə Azərbaycan - İran sərhədi tam bərpa edilib, işğal altında olmuş 132 kilometr sərhəd azad edilib. Müharibədən dərhal sonra sərhəd bo­yunca bütün lazımi istehkam, mühafizə işləri görülüb. Ölkə başçısının dediyi kimi: “Azərbaycanda çox güclü hərbi sənaye kompleksi yaradılmalıdır və yaradılacaqdır.”

Dövlət başçısı, həmçinin, bildirib ki, 30 ilə yaxın müddət ərzində işğalçı qüvvələrin əlində olmuş bu sərhədin uzunluğu 500 kilometrə yaxındır: “Biz Vətən müharibəsində Qələbə qazanaraq bu sərhədi də tam bərpa etdik, Zəngilan və Qubadlı rayonlarını, Laçın rayonunun bir hissəsini döyüşərək azad etdik. Laçın rayonunun böyük hissəsini və Kəlbəcər rayonunu düşmən artıq məcbur olub kapitulyasiya aktını imzalayaraq bizə qaytarıb. Hazırda o ərazilərdə lazımi işlər aparılır.”

Azərbaycan Prezidenti Ermənistanda baş qaldıran revanşist qüvvələrə də dəfələrlə xəbərdarlıq edib ki, bizə qarşı ərazi iddialarından, təxribatlardan əl çəksinlər: “Əgər bir daha buna cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib.”

Yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq: “Mən dost ölkələrdən olan şirkətləri işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma işlərinə dəvət edirəm.” Hazırda bərpa-quruculuq işləri uğurla davam edir. Təbii ki, bu işləri Azərbaycan öz gücü, öz vəsaiti hesabına həyata ke­çirir. Məqsəd isə işləri mümkün qədər tez başa çatdıraraq, köçkün vətəndaşlarımızı ləyaqətli şəkildə doğma yurdlarına qaytarıb yenidən məskunlaşdırmaqdır. İnanırıq ki, ölkə rəhbərliyinin sərgilədiyi  dönməz iradə ilə bu proses də digər layihələr kimi uğurla başa çatdırılacaqdır.

Ümummilli Lider, Heydər Əliyevin uzaqgörənliklə söylədiyi kimi: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert