22 noyabr 2022 12:23
470

Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalar aparır - YENİLƏNİB

“Mədəniyyət Nazirliyi tərəfindən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından aparılan yoxlamanın bu teatrın rejissorunun və ya digər şəxslərin hər hansı bir tənqidi açıqlaması ilə heç bir əlaqəsi yoxdur”.

Bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin vəzifələrini icra edən Nuridə Allahyarova deyib.

O bildirib ki, nazirliyin strukturunda olan və ya strukturuna daxil olmayıb tabeliyində olan qurumlarda nöqsan aşkarlandığı zaman bu cür yoxlamalar keçirilir: “Bu ilk deyil və növbəli şəkildə bu cür nöqsanlar aşkar edildikdə təftişlər aparılır. Nəticə barədə məlumat veriləcək. Amma birmənalı şəkildə qeyd etmək istəyirəm ki, yoxlamanın həmin o açıqlamayla heç bir əlaqəsi yoxdur. Həmin o açıqlamaya qədər də həm şifahi, həm də yazılı xəbərdarlıqlar olunub”.

Qeyd edək ki, sosial mediada Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamaların teatrın rəhbərliyinin və rejissorunun mətbuatda nazirliyi tənqid etməsinə cavab olaraq aparılması barədə fikirlər səsləndirilir.

***

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır, aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb: “Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb”.

Vurğulanıb ki, xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək.

***

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalara başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Teatrın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, nazirin noyabrın 18-də mədəniyyət nazirinin əmrinə müvafiq olaraq, yoxlamalar noyabrın 21-dən başlayıb, nə vaxt yekunlaşacağı isə hələ məlum deyil.

“Yoxlamanın məqsədi barədə məlumatımız yoxdur”, - məlumatda deyilir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərsək də, nazirlikdən cavab verilməyib.