22 dekabr 2022 17:15
648

Azərbaycan ağır atletikası tarixində ilk dəfə rekord sayda qadın atlet iştirak edib - FOTO

21-23 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən qadınlar, kişilər və veteranlar arasında ağır atletika üzrə Azərbaycan Kubokuna 25 nəfər qadın idmançının qatılması, Azərbaycan ağır atletikası tarixində rekord kimi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, yarışda Azərbaycan Respublikasının Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova, Milli Məclisin deputatı İqbal Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradova, atletlərin təltieftmə mərasimində iştirak edərək, onlara həm medallarını təqdim ediblər, həm də gələcək fəaliyyətlərində yeni  naliyətlər, uğurlar arzu ediblər.

Qadın atletlər arasında Samirə Rzayeva, Nazilə İsmayılova, Selcan Qarayeva, Fazilə İmanova, Ayişə Əliyeva, Fidan Mirzəzadə, Rahilə Hüseynzadə, Leyla Məhərrəmova, Elnarə Rəşidova öz çəki dərəcələrində qızıl medallarla təltif edilib.

Eyni zamanda respublika dərəcəli ağır atletika turnirlərində ilk dəfə qadın mütəxəssis yarışın baş hakimi təyin edilib. Bu vəzifə sabiq ağır atlet, qadınlar arasında Azərbaycan çempionu, ustadlar arasında 3 qat Avropa və dünya çempionu Səbinə Rzayevaya həvalə edilib.

Qeyd edək ki, Azərbaycan Kubokunun təşkilində məqsəd ölkənin ağır atletika üzrə ən yaxşı idman təşkilatları, ən yaxşı qadın və kişi idmançılarını, ümidvericı ağır atletlərdən ibarət əsas, dəyişkən və ehtiyat qüvvələri müəyyən etmək, yeniyetmə və gənc idmançılara örnək olmaq məqsədilə veteran idmançıların iştirakını təmin etmək, 2023-cü ildə keçiriləcək beynəlxalq səviyyəli yarışlara daha güclü veteran idmançıları seçməkdir.