Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkili və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "İki sahil"ə verilən məlumata görə, daxil olan məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat tədbirləri zamanı Yaxa Dəllək kəndində Tahir Sabir oğlu Məstəliyevin həyətyanı sahəsində qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olduğu məlum olub. Baxış zamanı 8 baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb.
Vətəndaş ilkin ifadəsində heyvanları tanımadığı şəxsdən aldığını, kəsimi təkbaşına həyata keçirdiyini bildirib. İlkin kliniki göstəricilərə əsasən, cəmdəklərin təkdırnaqlı (at, uzunqulaq) olması şübhəsi yaranıb. Kəsilmiş heyvanların baş, ayaq və dərisinin atıldığı yerə baxış keçirilib və ərazidə kəsilmiş uzunqulaq başı, ayaq və dərilərinə rast gəlinib.
Tahir Sabir oğlu Məstəliyev kəsdiyi cəmdəklərin uzunqulağa məxsus olduğunu, əvvəl də belə əməl törətdiyini, Bakı şəhərində tanımadığı müxtəlif vətəndaşlara satdığını bildirib.
Cəmdəklərdən nümunələr götürülərək müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Faktla bağlı qanunvericiliyə müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.