Xalq artisti kimi Prezident İlham Əliyevlə dəfələrlə görüşmüşəm. Hər bir görüş yaddaşımda unudulmaz xatirələrlə qalıb. Dövlətimizin başçısının bütün incəsənət adamları ilə görüşləri o qədər səmimi və mehriban olur ki, ondan sonra insan yeni yaradıcılığa həvəslənir.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xalq artisti Şahnaz Haşımova söyləyib.
O, Prezident İlham Əliyevlə ən yaddaqalan görüşünün Gəncə Dövlət Filarmoniyasının açılışında olduğunu deyib: “2017-ci ildə Gəncə Dövlət Filarmoniyasının açılışından sonra cənab Prezident şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Şəhərimizdə aparılan abadlıq-quruculuq işlərindən danışdıqdan sonra bizim hər birimizə tövsiyələrini verdi. Sonra birgə şəkil çəkdirmək üçün foyeyə endik. Onun ətrafında adamlar çox olduğundan mən bir qədər kənarda dayanmışdım. Birdən cənab Prezident gördü ki, mən kənarda dayanmışam. Əlini mənə uzadaraq dedi ki, “Siz niyə kənarda durmusunuz? Sizin yeriniz mənim yanımdır”. İnanın ki, o an sevincimin həddi-hüdudu olmadı. Ümumiyyətlə, Prezidentimizin incəsənət xadimləri ilə hər görüşü, bu cür diqqəti bizim üçün böyük mənəvi dəstəkdir”.