10 yanvar 2023 02:58
702

Qeyri-neft ixracında REKORD

Ötən il Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 milyard  ABŞ dollarına yaxınlaşıb. Rəsmi statistikaya görə, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 milyard 991,99 milyon ABŞ dolları təşkil edib və bu, 2021-ci il ilə müqayisədə 10,3 faiz çoxdur. Bu, indiyədək olan ən yüksək göstəricidir. 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2020-ci illə müqayisədə 47,2 faiz artaraq 2 milyard 713,4 milyon ABŞ dollar təşkil etmişdi.

Ötən ilin 4-cü rübündə qeyri-neft məhsullarının ixracı 875,22 milyon ABŞ dolları təşkil edib ki, bu da 3-cü  rüblə müqayisədə 32,8 faiz çoxdur. 2022-ci ilin təkcə dekabr ayında qeyri-neft məhsullarının ixracının dəyəri 303,48 milyon ABŞ dolları olub.

Təbii ki, artımda dünya bazarında əmtəə məhsullarının qiymətlərinin artması müsbət rol oynayıb. Qiymət amili özünü əsasən kimya sənayesi məhsullarının ixracında göstərib.  

2022-ci ildə Azərbaycandan kimya sənayesi məhsullarının ixracı 57,7 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4 faiz, çay ixracı isə 35,6 faiz artıb.

Həmçinin aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon ABŞ dolları təşkil edib. İl ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93  faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz artıb.

2022-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 105,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 197,9 milyon ABŞ dollarına bərabər olub.

Bununla belə qeyri-neft ixracının ümumi ixraca nisbətində azalma qeydə alınıb. Ötən il Azərbaycanın ümumi ixracında qeyri-neft sektorunun payı 7,9 faiz təşkil edib. 2021-ci ildə ixracın 12,22 faizi qeyri-neft sektoruna aid olub.

Ancaq qeyri-neft ixracında qeydə alınan rekord kifayətedici deyil.

Milli İxrac Strategiyasına görə, 2026-cı ilə qədər qeyri-neft ixracının 5 milyard dollara çatdırılması hədəflənib. 

Ceyhun Piriyev, “İki sahil”