11 yanvar 2023 02:34
761

Valyuta ehtiyatlarında böyük artım: Nələrin hesabına?

Bu il yanvar ayın 1-nə olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 8 milyard 995,7 milyon ABŞ dollarına yüksəlib ki, bu da 2021-ci illə müqayisədə 27,1 faiz və ya 1 milyard 920,7 milyon dollar çoxdur. AMB-nin valyuta ehtiyatları, həmçinin son bir ayda 12,9 faiz və ya 1 milyard 26,5 milyon dollar artıb.

Ümumilikdə isə AMB-nin 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, Azərbaycanın strateji valyuta ehtiyatları (2022-ci ilin yanvar-noyabr aylarında) 12,3 faiz və yaxud 6,5 milyard ABŞ dolları artaraq 59,8 milyard ABŞ dollarına çatıb.Sənəddə bildirilir ki, profisitli tədiyə balansı şəraitində valyuta bazarında təklif genişlənmiş və ölkənin strateji valyuta ehtiyatlarının artımı davam edib. Azərbaycanın əsas ixrac məhsullarının bahalaşması ölkənin tədiyə balansına, valyuta bazarında tarazlığa və iqtisadi aktivliyə pozitiv təsir göstərib.

Ümumi valyuta ehtiyatının əsasını təşkil edən Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) aktivləri ötən ilin oktyabr ayının 1-i tarixinə 45 milyard 386,4 milyon dollardır. Ötən ilin əvvəlində ARDNF-nın aktivlərinin məbləği 45 milyard 25,1 milyon dollar təşkil etmişdi. Bu da o deməkdir ki, 2022-ci ilin 9 ayı ərzində Fondun aktivlərinin həcmi 361,3 milyon dollar və ya 0,8 faiz çoxalıb. Fondun aktivlərinin bu ilin əvvəlinə olan göstəricisi açıqlanmasa da digər rəqəmlər əsasında aparılan hesablama onu göstərir ki, 2022-ci ildə ARDNF-dəki ehtiyatlar daha böyük məbləğdə artıb.  

Qeyd edək ki, ötən il ARDNF-nin xərclərinin 11 milyard 597 milyon 136,5 min manat olması nəzərdə tutulmuşdu. Lakin Fond xərclərinin ödəmək üçün lazım olan məbləğdə valyuta satışı həyata keçirməyib. 2022-ci ildə keçirilmiş valyuta hərraclarında Fond 5 milyard 185,3 milyon dollar valyuta satıb. Hərçənd ki, təkcə dövlət büdcəsinə tam həcmdə transfert üçün valyuta hərraclarında bu məbləğdən 30,65 faiz çox -  6 milyard 775 milyon dollar satılmalı idi. Bu amilin Fondun aktivlərinin artmasına töhfəsi az olmayıb. Ümumilikdə isə ötən il dünya bazarlarında neftin qiymətinin əlverişli olması Azərbaycanın valyuta ehtiyatlarının artmasına imkan verən başlıca faktor olub.

Həmçinin xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev ötən ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində hökumətə valyuta ehtiyatlarının azalmasına yol verilməməsi ilə bağlı tapşırıq verdiyini bildirmişdi: “Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq”.

Qeyd edilənlər milli valyutanın məzənnəsinin sabitliyini dəstəkləyən  amillərdir. AMB-nin sözügedən bəyanatında vurğulanır ki, tədiyə balansının irihəcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir edib ki, bu da qiymət sabitliyinin başlıca lövbərini – məzənnə sabitliyini dəstəkləyib: “2022-ci ilin 11 ayında manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 7,9 faiz bahalaşmışdır ki, bu da inflyasiyaya məhdudlaşdırıcı təsir etmişdir. Təhlillər göstərir ki, nominal effektiv məzənnənin 10 faiz bahalaşması inflyasiyanı təqribən 3 faiz bəndi azaldır”.

Bəyanatda qeyd edilir ki, ölkədə valyuta bazarında təklif kanallarının şaxələndirilməsi, maliyyə sektorunun dərinliyinin artırılması, nağd-kölgə iqtisadiyyatının məhdudlaşdırılması və makroiqtisadi koordinasiyanın effektivliyinin gücləndirilməsi inflyasiyanın hədəflənməsi rejiminə keçidə şərait yaradacaq.

Ceyhun Piriyev, “İki sahil”